SON XƏBƏR

Sabiq nazir İsrail-Azərbaycan yaxınlaşmasına qarşı İranın əks-fəaliyyətindən yazıb

Aprel 18
11:00 2023
İsrailin geniş oxucu kütləsinə malik populyar nəşri "İsrael Hayom”da "İranın İsraillə olan başqa hesabı” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə ötən cümə günü Təl-Əvivdə törədilən terror aktı nəticəsində 1 İtaliya vətəndaşının həlak olmasına, daha 7 turistin isə yaralanmasına diqqət çəkilib, hadisənin Qəzza və Livandan İsrailə raket zərbələri endirilməsindən və iki gənc İsrail vətəndaşının İudeya və Samariyada atışmada öldürülməsindən sonra baş verdiyi vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, bütün bu terror aktlarının bir ortaq cəhəti var və görünən odur ki, onların arxasında dolayısı ilə İran dayanır. Belə ki, İtaliya vətəndaşının öldürülməsindən dərhal sonra İran İslam Respublikasının dəstəklədiyi Fələstin İslam Cihadı Təşkilatının (FİC) üzvləri qətli bayram etmək üçün küçələrə çıxıb. Məqalədə həmçinin həmin hücumlardan cəmi bir neçə gün əvvəl sözügedən terror aktının Məscid-ül-Əqsa ətrafındakı gərginlik səbəbindən baş verəcəyi barədə FİC və HƏMAS tərəfindən xəbərdarlıq edildyi diqqətə çatdırılıb.

Müəllif qeyd edib ki, Məscid-ül-Əqsa ətrafındakı gərginlik, sadəcə, israillilərə qarşı daha çox terror hücumlarına haqq qazandırmaq üçün bir hiylədir və indiki zamanda İsraildə terrorun güclənməsinin əsl səbəbi odur ki, molla qaragüruhu ilk növbədə bu dövləti baş nazir Benyamin Netanyahunun İranın nüvə proqramına qarşı cəsarətli mövqeyinə və eyni zamanda düz İran sərhədlərində Azərbaycanla uğurla strateji müttəfiqlik qurduğuna görə cəzalandırmaq niyyətindədir. Belə ki, "əl-Cəzirə” telekanalının son xəbərinə görə, İran Xarici İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması İsrailin xarici işlər naziri Eli Koenin "İrana qarşı vahid cəbhənin yaradılması”na çağırdığı mətbuat konfransı ilə müşayiət olunub və bu, İranın milli təhlükəsizliyinə açıq-aşkar təhdid olduğu üçün gözardı edilə bilməz.

Özünün "kiçik şeytan” adlandırdığı ölkə ilə qonşusu Azərbaycanın yaxınlaşmasından ayətullah yığınının böyük narahatlıq keçirdiyini vurğulayan israilli politoloq ökəmizin İsraili neftlə təmin etməsini, sonuncunun isə Azərbaycanın əsas silah təchizatçılarından olmasını bu narahatlığın əsas mənbəyi kimi dəyərləndirib. Qeyd olunub ki, təxminən eyni vaxtda Bakıda 6 İran casusu həbs edilib, 4 iranlı diplomat isə persona-non-qrata elan olunaraq ölkəni tərk edib və bu hadisələr molla rejiminin azərbaycanlı deputatı öldürmək cəhdindən sonra baş verib.

Diqqətə çatdırılıb ki, Təl-Əvivdə səfirlik açan Azərbaycanı cəzalandırmağı düşünən Tehran ona qarşı türk dövlətləri ilə ittifaq qurmaq cəsarətinə görə İsraillə də eyni tərzdə davranmaq niyyətindədir, çünki bu ittifaq İrandakı etirazlarla birlikdə molla rejiminə ölümcül zərbə vura bilər. Məqalədə İran rejiminin ölkəsində baş verən son etirazların əsas ssenari müəlliflərindən biri kimi İsrailin tanınmış beyin mərkəzi olan Dona Qrasiya Diplomatiya Mərkəzinin idarə heyətinin üzvü doktor Mordexay Kedarın adını hallandırdığı da diqqətə çatdırılıb.

Sabiq nazir bu qənaətdədir ki, ayətullah qaragüruhuna ən böyük qorxunu yaşadan məqam İsrail, Azərbaycan və Türkiyənin İran daxilindəki azərbaycanlılarla birləşərək molla rejimini devirmək üçün ölkədəki digər etnik qruplarla birgə fəaliyyət göstərəcəyi perspektividir. Tehranın nəzərində bu, İranın nüvə obyektlərinə İsrailin birbaşa hərbi hücumundan daha böyük təhlükə kimi molla rejiminin sonunu gətirə bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israelhayom.com/opinions/irans-other-score-to-settle-with-israel/



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook