SON XƏBƏR

Şahruddinin psixoloji problemləri var? - Mütəxəssis rəyi

Fevral 19
17:02 2024
Hələ "Qarabağ”da oynayarkən dəfələrlə ciddi səhvlərə yol verən və komandasını pis vəziyyətdə qoyan millimizin üzvü Şahruddin Məhəmmədəliyev Türkiyədə də "ənənəsini” davam etdirir.
 
Cari mövsümün başlanğıcında "Adana Demirspor”a transfer olunan qolkiper ötən gün "Alanyaspor”la matçda yenə biabırçı səhvlə yadda qalıb. Görüşün ilk hissəsində səhvən topu rəqib oyunçuya ötürüb, nəticədə qapısında qol görüb. Elə bu səhvindən sonra, ilk hissənin fasiləsində əvəzlənib. Görüş isə 3:3 hesabı ilə yekunlaşıb. Qısası, Şahruddin yenə komandasının xal itirməsində əsas rol oynayıb. Düzdür, onun gözəl seyvləri də var və bunu danmaq insafsızlıqdır. Ancaq buraxdığı səhvlər, onun və komandanın əziyyətini yerə vurur və həmin o gözəl seyvləri kölgədə qoyur. Belədə artıq qapıçının psixi durumu ilə bağlı şübhələrin ortaya çıxması normaldır. Dəfələrlə eyni səhvləri təkrarlamaq üçün ya əqli cəhətdən qüsurların, ya da səviyyən çox aşağı olmalıdır.

Bəs Şahruddinin problemi nədir? Hazırda millilərimizdə skaut kimi çalışan qapıçı məşqçisi, Şahruddinin Azərbaycana gəlməsində rol oynayan mütəxəssislərdən olan Ramiz Əhmədov Qaynarinfo-ya açıqlamasında onun səhvlərinə münasibətini bildirib:

"Hər komandada qapıçılar üzrə məşqçi və baş məşqçi var. Oyundan əvvəl hər qapıçıya təlim keçirlməlidir. Düzdür, Şahruddin gözəl qapıçıdır. Amma etdiyi bir hərəkət bütün oyununu silir. 90 dəqiqə ərzində nə qədər seyv edirsən et, əziyyət çəkirsən çək, amma həmin bir səhv hər şeyi kölgədə qoyur. Eyni səhv bir, iki dəfə olar. Amma 5-10 dəfə ardıcıl səhvlər buraxmaq artıq psixoloji məsələlərlə əlaqəlidir. Özünü idarə edə bilmir, ya nədirsə, anlamıram. Bir neçə ay əvvəl mən də onunla danışdım, öz tövsiyəmi verdim. Ona məsləhət gördüm ki, mərkəzdən oyuna başlama. Elə futbolçu var ki, məsələn, cinahdan hücum edərkən bəzi fintlər alınır, bəziləri yox. Deməli, alınmayan hərəkətləri ya məşqlər vasitəsilə alındırmalı, ya da ümumiyyətlə etməməlisən. Oyuna mərkəzdən başlamaq yaxşı haldır. Amma alınmırsa, etmə. Məsələn, Lunyov "Qarabağ” üçün gözəl tapıntıdır. Bir dəfə görməmişəm ki, mərkəzdən oyun başlasın. Yalnız topu kənarlara atır, həm özünü sığortalıyır, həm də keyfiyyətli alınır. Qapıçıda belə problemlər varsa, ona qadağa qoyulmalıdır. Deyilənləri yerinə yetirmirsə, deməli, problem ya məşqçidə, ya da özündədir. Bundan nəticə çıxarmaq lazımdır. Ya da ehtiyat oyunçular skamyasında oturmalıdır. Şahruddinin üzərinə düşmək istəmirəm, çox yaxşı qapıçıdır. Onu 2012-ci ildə Azərbaycana mən gətirmişəm. Görürəm ki, hələ "Qarabağ”da oynayandan bəri bu insan özünə həddindən çox arxayındır. Rəqib komanda yoldaşının 2-3 metrliyindədirsə və sən ötürmə edirsənsə, düşünməlisən ki, o, bundan sonra nə edəcək? İnsan birinci düşünüb, sonra addım atmalıdır. Amma o, addım atır, sonra düşünür. Düşünürəm ki, bu, çox böyük problemdir. Harada oynayır oynasın, bu detallar komandasına pis təsir edir. Millinin qapıçısıdır, istəyirik ki, yaxşı çıxış etsin. Amma…”

"Bu cür problemləri olan Şahruddini milliyə dəvət etmək nə dərəcədə düzgündür” sualına Əhmədov belə cavab verib:

"Şablon cavab da olsa, deyim ki, millinin məşqçiləri var və onlar qərar verməlidir. Ağıllı məşqçi bir səhvə görə, oyunçunu komandadan uzaqlaşdırmaz. İnanmıram ki, milliyə dəvət etməsinlər. Sadəcə, məşqlərdə ona təlimat verilməlidir. Yalnız cinahlardan başlasın oyuna. Onun problemlərini yoluna qoymaq məşqçidən asılıdır. Sırf psixoloji məsələlərlə əlaqələndirirəm. Şahruddin ayaqla mükəmməl oynayır. Texniki-taktiki cəhətdən də yaxşıdır. Uşaq deyil ki, ona nələrisə öyrədəsən. Səhvlər hamıda, xarici futbolçularda da olur. Lakin ardıcıl eyni səhvlər buraxırsansa, deməli psixoloji problemlərin var. Onu "müalicə” etmək, yəni, çatışmazlıqları yoluna qoymaq lazımdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook