SON XƏBƏR

Vüqar Rəhimzadə: “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib”

Yanvar 11
00:45 2023
"2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır. Dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı. Yanvarın 9-da isə  ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə  Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev "Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də  ölkəmizdə keçirilən  müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

YAP Xətai rayon təşkilatının sədri  ötən ilin idman yekunlarda diqqət çəkən bu statistikanı da böyük qürur hissi ilə qeyd edib: " İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızım malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır”.

Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindən də geniş bəhs edib: "Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.  Şanlı Qələbəmiz gələcək nəsillərin  vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz  indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir”.

YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində həmin yaşayış məntəqələrində idmanın kütləviliyinin təmin edilməsi üçün idman obyektlərinin yaradılmasının da prioritetliyini xüsusi qeyd edib.

Vüqar Rəhimzadə Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib: "2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir.  Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir.” 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook