Vüqar Rəhimzadə: Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir
Mart 03
17:39
2026
2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Hər il iştirakçıların say tərkibində artım Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin təqdimatıdır. Ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdı.
Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ötən ilin iyununda keçirilən Bakı Enerji Həftəsində və aprel ayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında qaz ixracının artırılması və yaşıl enerji layihələrinin genişləndirilməsi istiqamətində mühüm mesajlar səsləndirildi və razılaşmalar əldə edildi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan neft, qaz ilə yanaşı, həm də elektrik enerjisi ixracatçısıdır. 2024-cü ildə Azərbaycanın ev sahbiliyi etdiyi COP29 iqlim konfransı ölkəmizin bərpaolunan enerji sahəsində malik olduğu potensialı bir daha nümayiş etdirdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın bu sahədə qazandığı möhtəşəm uğurları təsəvvürə gətirmək üçün ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan "Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azəraycanın beynəlxalq aktorlarla əməkdaşlığının coğrafiyası genişləndi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihlələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirdi. 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. 2017-ci ildə "Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji sektorunun aydın gələcəyinin təqdimatı oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq keçirilən iclasları ölkəmizin bu sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi ölkəmizin malik olduğu təcrübənin, qazandığı uğurların göstəricisidir. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik. Gücü 870 meqavatdır. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin mühüm nailiyyətlər, amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək.
Vüqar Rəhimzadə bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında «Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq» söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Hesabat dövründə Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri 2025-ci il iyununda rəsmi açılış mərasimi keçirilən "8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Bərpaolunan enerji layihələri ilə yanaşı, müasir və səmərəli stansiyaların açılışı enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün Azərbaycanın enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında "Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında hesabat dövrünün enerji uğurları sırasında bu hadisəni qeyd edərək bildirdi ki, bu, artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə "Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib: "Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb. Çünki burada böyük potensial və bazarda tələbat var.”
Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları enerji təhlükəsizliyi sahəsində yeni yanaşmaların formalaşdırılmasında, səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Komandanın tərkibi genişlənir. Əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan hər zaman yeni əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı olmaqla yanaşı, hazırda icra edilən, yaxud icrasını başa çatdıran layihələrin coğrafiyasının genişləndirilməsinin də vacibliyini bildirir. Təcrübə mübadiləsinin aparılması, səylərin birləşdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Ümummilli Lider Heydər Əliyev hələ "Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclaslarında bildirdi ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Qlobal.az



