SON XƏBƏR

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən bir il ötür

Oktyabr 22
00:43 2021
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının birinci ildönümüdür.

"Report" xəbər verir ki, ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib.

Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri düşməndən təmizlənib.

Beləliklə, ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.

Qarabağ Azərbaycandır!
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook