SON XƏBƏR

Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır

Noyabr 01
13:11 2015
YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva
 
- Nurlana xanım, 8 mart beynəlxalq qadınlar bayramını Azərbaycan qadını hansı əhvali - ruhiyyədə qarşılayır?
 
Azərbaycan qadınının cəmiyyətin inkişaf və tərəqqisində rolu haqqında nə deyə bilərsiniz? - Mənim qənaətimə görə, 8 mart Azərbaycan təqviminin ən fərəhli günlərindən biridir. Çünki bu bayram Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. Tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişlər.
Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər. Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər. Bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki, həmişə olduğu kimi, indi də qadınlar cəmiyyətimizdə hörmət və izzət sahibidirlər, onlara Dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. Qadınlar bugünkü mövqeyinə görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə borcludurlar.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. Indi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Bu fərman respublika qadın cəmiyyətinin formalaşmasına və yaradıcı axtarışlar aparmasına güclü təkan verdi. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırladı. Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu.
Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış "Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri genişləndirilərək "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.
Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan streotiplərin aradan qalxmasına böyük imkanlar yaradır.
 
- Azərbaycanda qadın problemləri ilə məşğul olan dövlət komitəsi fəaliyyət göstərir. Bu Komitənin yaranması Azərbaycan qadınının həyatında hansı rol oynadı?
 
- 1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Mən 1998-ci ili məmnuniyyətlə Azərbaycan qadınları üçün ”Qızıl il” adlandırardım. Bəlkə də qadınların bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulmuşdur. Belə ki, möhtərəm Prezidentimiz Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verdi. Cənab Heydər Əliyevin şəxsində dövlətimiz öz qadın vətəndaşlarının problemlərinə biganə olmadığını əməli olaraq sübut etdi. Prezidentin ”Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı qadın əməyinə, qadınların istedad və potensialına dövlətimizin böyük diqqət və qayğısının ifadəsi idi.
1998-ci il sentyabrın 14-15-də 26 illik fasilədən sonra Azərbaycan qadınlarının növbəti Qurultayı keçirildi. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edirdi. Onların əksəriyyəti bölmə iclaslarında çıxış edib öz ürək sözlərini cəmiyyətə çatdırmaq imkanı qazandı.
Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev öz çıxışında dedi: ”Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.
Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olundu, onun təsiri sonralar gündəlik həyatımızda özünü təkrar-təkrar aydın biruzə verdi. Aradan iki il keçdikdən sonra Prezident Heydər Əliyev Azərbaycan qadınlarını daha bir möhtəşəm Fərmanı ilə sevindirdi. Mən bu Fərmanı ona görə möhtəşəm adlandırıram ki, bu sənəd qadınların həyatının demək olar bütün sahələrini əhatə edirdi. 2000-ci il martın 6-da imzalanmış ”Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” bu Fərmanda bir çox məsələlər öz parlaq əksini tapdı. Bu tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçilik sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərinin rəhbər tutulması, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğu problemlərinin həlli yolları və digər məsələlər mühüm yer tuturdu.
Bundan əlavə, Azərbaycan qadınının keşməkeşli həyat yolunu və inkişaf tarixini işıqlandırmaq, tarixi yaddaşımızı oyatmaq və məhəbbətlə yad etmək baxımından bu sənədin əhəmiyyəti olduqca böyükdür. Əsrlərin dərinliyinə uzanıb gedən tariximizin qaranlıq və unudulmuş guşələrinə işıq salan bu Fərmanın hər sətri ana və bacılarımıza böyük ehtiram və məhəbbətlə süslənmişdir. Fərmanı oxuduqca aydın dərk edirsən ki, Prezident Heydər Əliyevin bütün fəaliyyəti kimi onun imzaladığı rəsmi sənədlər də milli kolorit baxımından böyük əhəmiyyət kəsb edir. Çox böyük istək və sevgi ilə hazırlanmış sənəddə deyilir ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır.
Mənim fikrimcə, Azərbaycanın dövlətçilik tarixində Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmamışdır. Çox fərəhli haldır ki, həmin siyasət bu gün də uğurla davam edir. İnanıram və əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.
 
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Bu haqda fikirlərinizi bilmək istərdik...
 
- Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Ulu öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur, fərəh və şərəf hissi yaradır.
Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni- sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban xanım Əliyevanın qismətinə yazılıb. Bunu yeni ənənənin formalaşdırılmasından daha çox dünyaya nə vaxtsa türk dünyasından yayılan və tarixin müəyyən məqamında unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı hesab etmək daha doğru olardı. Dövlətçilik sistemlərində Xatun modelini əslində bütün dünya məhzi türk əxz edib. Mehriban xanım Əliyevanın timsalında bu tarixi ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider Xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməkçisi bir Xatun olaraq Zərifə xanım Əliyeva idi. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevə bu köməyi Mehriban xanım Əliyeva edir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək hörmətin təzahürüdür.
Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva YUNESKO-nun "Xoşməramlı səfiri” statusuna layiq görülüb. Bu ümumilikdə dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dinimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu gün Azərbaycan qadını Mehriban xanım Əliyevanın timsalında bir etibarlı dayaq görür, problemlərinə - mənəvi, ruhi, maddi ehtiyaclarına məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan qadının varlığına güvənir. Çünki Mehriban xanım Əliyeva zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyevin şəxsi nümunəsini görüb-götürmüş, onun yaratdığı mənəvi dəyərlər məktəbindən dərs almış torpağa, millətə, insana bağlı bir şəxsiyyətdir. Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulamaq istərdim. Azərbaycan qadını üçün səciyyəvi olan humanizim qayğıkeçlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Fondu (UNF-PA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.
Mehriban xanım Əliyevanın xarici-mədəni siyasətinin, heyrətləndirici nəticələri göz önündədir. "Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi respublikamıza yeni beynəlxalq imic gətirdi. "Eurovision-2012” mahnı müsabiqəsinin təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva daha bir möhtəşəm uğura imza atdı. "Eurovision-2012” mahnı müsabiqəsi bizə nə verdi? Bu müsabiqə bizi daha müasir və olduğumuzdan yaxşı olmağa sövq etdi. Bizə böyük beynəlxalq tədbirlərə ev sahibi olmağı öyrətdi. Biz dünyaya, dünya da bizə daha yaxın oldu. Bir sözlə, biz firəvan gələcəyimizə doğru daha bir böyük addım atdıq.
Bilirsiniz ki, bu ilin iyun ayında ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Təqdirəlayiq haldır ki, ilk Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik edir. "Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin hələ 2013-cü il 2 fevral tarixində keçirilən ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsini ölkəmiz üçün yüksək etimad kimi dəyərləndirmişdi: "Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər”.
Beləliklə, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan "Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. İnanırıq ki, bu mötəbər idman tədbiri yüksək səviyyədə keçiriləcək. Bu hadisə həmçinin, Azərbaycanın dünyaya yeni bir təqdimatı olacaqdır.
 
- Nurlana xanım, Azərbaycanın ictiami-siyasi həyatında qadınların günbəgün artan fəallığını qeyd etdiniz. Təbii ki, bu yönümdə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının özünəməxsus rolu inkaredilməzdir...
 
- Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci bir dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Belə bir əhəmiyyətli məqamda Ümummilli lider daha bir önəmli ideya ilə çıxış edərək, tarixi bir addım atdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Belə bir addımın atılması qadınların partiyaya axınını sürətləndirdi. Bu təşəbbüsdən böyük ilham alan qadınlarımız ictimai fəaliyyətlərini məhz Yeni Azərbaycan Partiyasında davam etdirməyi özləri üçün şərəf hesab etdilər. Bu gün Yeni Azərbaycan Partiyasında qadınlarımız 47,8% təmsil olunurlar.
Bizim - Azərbaycan qadınlarının doğrudan da geniş potensialı var. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızı məhz bir amal birləşdirir – Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi,. əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək. Qədim yunan filosofu Aristotelin belə bir kəlamını xatırlatmaq yerinə düşərdi: "İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır”. Mən bu fikri söyləyərkən təkcə yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı deyil, həm də bütün bu bolluğun xalqın rifahı naminə istifadə olunmasına şərait yaradan dəyərli insanları nəzərdə tuturam. Cəmiyyətin tərəqqisi üçün yorulmadan çalışan Azərbaycan analarını, qadınlarını nəzərdə tuturam. Bu gün biz qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafımızın tempi, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mənəvi irsimizin dünyaya çatdırılması, ədəbiyyatımızın öz əlifbamız ilə nəşr olunması, təhsilə yeni yanaşmaların təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir.
Mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin doğurduğu sıxıntılara baxmayaraq, mərd və mübariz Azərbaycan qadını bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır, qurub-yaradır, dəhşətli müharibənin vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Çünki bu gün yaşadıqları ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, idarə etmək, özünü sübuta yetirmək, təsdiq etmək kimi şərait yaranmışdır.
YAP Qadınlar Şurası da öz fəaliyyətində daim Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə istinad edir. Partiyamızın Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin siyasətinin təbliğini də əsas vəzifələrindən biri hesab edir və bu yöndə fəaliyyətini davam etdirir. Qadınlar Şurası ölkənin ən mühüm ictimai-siyasi həyatında yaxından iştirak edir, bölgələrdə marifləndirmə tədbirləri, xeyriyyə aksiyaları keçirir, qadın-ana şəfqətinə ehtiyac duyulan qurumlarda görüşlər təşkil edir, müxtəlif mahiyyətli tədbirlər hazırlayır.
 
- Nurlana xanım, ölkəmizdə qadınların seçib, seçilmək hüququnun bugünki vəziyyətini, seçkili orqanlarda təmsilçiliyinə necə qiymətləndirərdiniz?
 
- Bu gün qadınlarımız partiyamızın həyatında fəal rol oynamaqla yanaşı, ictimai-siyasi proseslərdə də yaxından iştirak edirlər. Məsələn son bələdiyyə seçkilərində YAP-çı qadınların aktivlyi bir daha onların siyası proseslərdəki rolunu kifayət qədər təsdiqləyib. Hazırki vəziyyəti ötən illərin səviyyəsi ilə müqayisə edəndə 2014-cü il seçkilərində qadınların təmsilçiliyinin əhəmiyyətli dərəcədə artdığını görərik. Daha bir məqamı da diqqətə yetirək. Son bələdiyyə seçkilərində xanım bələdiyyə üzvlərinin sayı 35,6 faizi əhatə etdi. Bu faiz göstəricilərinin arxasında təbii ki, Yeni Azərbaycan Partiyasının qüdrəti və nüfuzu dayanıb. Artıq bələdiyyə üzvləri ilə yanaşı, bir neçə bələdiyyələrə rəhbərlik edən qadın sədrlər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Əlbəttə ki, bütün bu uğurlara məhz əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində nail olunub. Eyni zamanda, bu amil həm də çağdaş Azərbaycan qadınının heç də kişilərdən geri qalmamasının bariz göstəricisidir. Son olaraq, daha bir faktora nəzər salaq. Vurğuladığımız kimi, Azərbaycan qadınının, xüsusilə ictimai-siyasi həyatda fəaliyyəti ilə seçilən YAP-çı qadınların əldə etdikləri uğurların təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurduğu qadın siyasəti amili dayanır. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına bəslədiyi böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yer tutması üçün əzmlə çalışıb, bu zərif zümrənin YAP-ın həyatında fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.
 
- Bu bayram ərəfəsində ürəyinizdən hansı fikirlər keçir?
 
- Bu gün Azərbaycan qadınının həyatı üzünə gülür. Onun övladı inkişafa, tərəqqiyə yol açmış gözəl bir ölkədə yaşayır, dövləti, rəhbəri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunur. Azərbaycan ailəsində ağıllı, zəkalı, vətənpərvər gənclik yetişir. Onun xoşbəxt gələcəyini təmin etməyə qadir bir cəmiyyət yaranıb. Bu, Azərbaycan anasının həyatına bayram libası geyindirir. Çünki onun yetişdirdiyi igid oğullar öz Vətənlərinin keşiyində ayıq-sayıq dayanırlar. Onların hər biri sabah doğma Qarabağımızın azad olunması haqqında öz rəhbərinin əmrinə müntəzirdir. Xalqımızın gözəl bayramları ərəfəsində arzulayıram ki, bayram ovqatı anaları heç bir zaman tərk etməsin, mübarək bayramlar yaşasın!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook