SON XƏBƏR

Bizi kimlər izləyir, Miranda?

İyul 20
12:27 2021
Zahir Əzəmət 
 
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsi iddiası ilə çıxış edib. 

Bu iddianın yer aldığı araşdırmada həm də araşdırmanın və ortaya qoyulan iddianın ciddiliyini şübhə altına qoyan bu cümlələr var:

"Azərbaycan hökumətinin NSO Group-un müştərisi olduğuna və ya sözügedən siyahıda adı çəkilənlərin hədəfə alınmaq üçün seçildiklərinə dair qəti bir dəlil yoxdur. Ancaq aşkar edilən dəlillərin çəkisi bunun belə olduğunu göstərir". 

Bu nə erməni-budaq cümlələridir? Bu necə məntiqdir? Həm qəti dəlil yoxmuş, həm də "dəlillərin çəkisi onu göstərirmiş ki..."?

Məsələnin mahiyyəti budur ki, OCCRP-yə hansısa mənbə,  Azərbaycanla bağlı 250 telefon nömrəsi "sızdırıb. Və, elə həmin araşdırmada qeyd olunduğu kimi,  bu nömrələrdən yalnız İKİSİ Pegasus proqramına yoluxdurulub. Yalnız İKİSİ! 

Pahoo! Elə isə bu nə şoudur belə? Hanı 1000 nəfər dinlənilirmiş? Hanı hamının telefonuna Pegasus proqramı yoluxdurulubmuş? 

Azərbaycanda azacıq fəal ictimai şəxsin, jurnalistin telefonundakı nömrə yaddaşına nəzər salsaq, bu 250 nəfərin böyük əksəriyyətinin orda adını görmək olar! Yəni bu "mötəbər siyahı"nın hansı "mənbə"dən "sızdırılması" məsələsi də bu mənada şəxsən məndə suallar yaradır. 

Siyahıda əsasən jurnalistlərin və Facebook fəallarının olması da ayrıca diqqət çəkən məqamdır. İstər Tovuz döyüşlərində, istərsə 44 günlük Vətən Müharibəsi dövründə bu jurnalistlərin rəhbərlik etdiyi və ya çalışdığı online media resurslarının əksəriyyəti, habelə bir çox Facebook fəallarının profilləri erməni hakerlərinin heç vaxt rastlanmamış şəkildə böyükmiqyaslı haker hücumlarına hədəf oldu. Bir çox saytlara ERMƏNİLƏRİN LEHİNƏ informasiyalar yerləşdirildi, saytların nəzarət panellərinin parolları ələ keçirildi, profillər qırıldı  və s. Təbii ki, internetin bloklanması və böyük əksəriyyətin VPN-lərdən istifadə etmək zorunda qalmasının da burda təsiri olmamış deyil. Bundan əlavə, siyahıda adı olan müxalifyönlü şəxslər VPN proqramlarından daha əvvəldən istifadə edirdilər. Bir çoxunun əməkdaşlıq etdiyi, xaricdən idarə olunan media resursları ölkədə uzun müddətdir ki, məhkəmə qərarı ilə bloklanıb və bu əməkdaşlar da öz saytlarını izləmək üçün bu VPN proqramlarından istifadə edirdilər. Siyahıdakı bir çox şəxslər də oxucu kimi bu proqramları yükləmişdilər. Üstəlik, bu resurslar özləri də davamlı olaraq, müxtəlif VPN proqramlarını yükləməyə səsləyir, oxucuları təşviq edirdilər. 

Nəticədə 44 günlük savaş müddətində telefon və parollarımızın erməni hakerlərinin əlinə keçdiyinin şahidi olduq. Ortada bir izlənmə faktı oldusa da, izlər Ermənistana və ya onların xaricdəki haker qruplarına aparb çıxardı. Çünki rəhbərlik etdiyim bir çox saytlar da bu hücumların hədəfi olmuş, apardığımız araşdırmalar, əldə etdiyimiz İP adreslər də dediklərimi isbatlayır. Yəni havadan danışmıram. 

Üstəlik, siyahıda partiya sədrləri, müxalifət funksionerləri yoxdur, onzuz da bütün fəaliyyəti mediada və sosial şəbəkələrdə göz önündə olan şəxslərin adı var - bu da düşündürücü məqamdır. Əgər dövlət hansısa zərurətdən kimisi izləyirsə də, hər halda o siyahı bu siyahı deyil!

Belə bir siyahının, xüsusən indiki məqamda ortaya atılmasının siyasi məqsəd və hədəflərinə toxunmadan, ən yumşaq qiymətləndirmə aparsam, deməliyəm ki, aparılan araşdırma çox səthidir, ortada dəlil yetərsizliyi var, heç bir sübut və inandırıcı fakt təqdim olunmayıb. 

Yeri gəlmişkən, OCCRP-in baş redaktor müavini, həm də qeyd olunan araşdırmanın əsas müəllifi Miranda Patrucicdən şəxsən mənə də daxil olan məktubunda da bütün iddialar "inanırıq ki..." ifadələri ilə başlayır. Elə isə, Əziz Miranda, sizin nəyə nə niyə inandığınıza baxmayaraq, məni inandıra bilmədiniz!
 
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook