SON XƏBƏR

Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər (SİYAHI)

Mart 12
10:32 2021
"Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlana biləcəklər. Xidmətlər Zərfi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib".

Bu barədə HİT.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib. Qeyd olunub ki, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

"Hazırda ölkənin 59 şəhər və rayonunda sığortaolunanlar Xidmətlər Zərfindən istifadə edir.

Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir:

• ilkin səhiyyə xidməti 
• təcili və təxirəsalınmaz tibbi yardım xidməti
• ixtisaslaşdırılmış ambulator yardım xidməti 
• laboratoriya xidməti 
• fizioterapiya xidməti 
• invaziv radiologiya xidməti 
• stasionar tibbi xidmət

Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək.

Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir. 

Xidmətlər Zərfinə 950 sayda cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. 

Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook