Deputat: "Belə bir saraya Gülüstan adının verilməsi tarixi ədalətin bərpasıdır"

Yanvar 18
10:44
2022
Tarix boyu Azərbaycan xalqı bir çox terrorlara, soyqırımlara və parçalanmalara məruz qalmışdır. Azərbaycan xalqına vurulmuş ağır zərbələrdən biri də 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan müqaviləsi olmuşdur. Tariximizin ən ağrılı səhifələrindən biri olan "Gülüstan” müqaviləsinin bağlanması ilə Azərbaycan torpaqları parçalandı və "Gülüstan” müqaviləsi Azərbaycan tarixinə qara hərflərlə həkk olundu. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Ulu Öndər, dahi siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik siyasəti nəticəsində illər sonra Azərbaycan tarixinə qara hərflərlə yazılmış Gülüstan sözünün mahiyyətini tam əksinə dəyişməyə müvəffəq oldu: "Bu istiqamətdə atılmış ən böyük və mütərəqqi addım, Heydər Əliyevin təşəbbüsü ilə Gülüstan sarayının inşasının başlanılması oldu. Gülüstan sarayı Ulu Öndər, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilmişdir. Möhtəşəm tarixi memarlıq abidələrindən biri olan Gülüstan sarayında, Azərbaycan tarixində mühüm rol oynayan bir sıra tədbirlər keçirilmiş, müqavilələr imzalanmışdır. Belə ki, Gülüstan sarayında 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin Müqaviləsi” imzalanmışdır. "Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatının dirçəlməsinə təkan verən tarixi hadisə və Azərbaycanın inkişafının başlanğıc səhifəsi oldu. Gülüstan sarayında Əsrin Müqaviləsinin imzalanması tarixi dönüş nöqtəsi olmaqla yanaşı həm də dünyaya verilmiş bir mesaj idi”.
Mənbə: YAP.az
Qlobal.az