SON XƏBƏR

Deputat: “İran İslam cildində olan erməni dövlətidir”

Sentyabr 29
18:58 2022
"Əslində, İran mahiyyətcə Fransadan sonra üçüncü erməni dövlətdir. Çünki faktiki olaraq, iki dövlət birmənalı şəkildə bildirir ki, bizimlə Ermənistan arasında bir fərq yoxdur. İran da təqribən bu bəyanatları verir və bildirir ki, o da erməni dövlətidir, sadəcə İslam cildində olan erməni dövləti”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Siyasətçi Ermənistanın eks-prezidenti Robert Koçaryanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə şərh verib. Xatırladaq ki, Koçaryan dünənki açıqlamasında bildirib ki, İran ötən ilin may ayında Ermənistana hərbi əməkdaşlıq barəsində danışıqlar təklif edib, lakin Paşinyan iqtidarı bu təklifdən vaz keçməyi üstün tutub.

Koçaryanın iddiasına münasibət bildirən BQP sədri onu əlavə edir ki, İranın Ermənistana yardım etməsində təəccüblü bir şey yoxdur:

"Belə bir məlumat da var ki, İran sonuncu 12-13 sentyabr hadisələrində Ermənistan tərəfindən müəyyən dərəcədə proseslərə qarışmaq təklifi də verib. Nikol Paşinyanın isə bununla razılaşmamasının əsas səbəbi Qərblə bağlıdır. Bu gün hər nə qədər İran ABŞ-ın vassalı kimi bölgədə Zəngəzur dəhlizinin açılmasına mane olan bir siyasət yeritsə də, bu, birbaşa İranın özünün iradəsilə bağlı olan bir məsələ deyil. İran mollaları ABŞ-ın xüsusi dairələrinin gizli sövdələşməsi əsasında bu addımı atır. Çünki ABŞ-ın buraya qoşun yeritmək imkanı yoxdur və bunu İran vasitəsilə edir. İran da ümid edir ki, bu addımına görə, ona qarşı olan sanksiyaları yumşaldacaqlar. Ona görə də İranın belə bir təklif etməsi tamamilə mümkündür”.

Müxalifətçi düşünür ki, Paşinyanın bu təklifə doğru getməməsinin əsas səbəbi odur ki, hazırda onlarda İrana yönəlik siyasətdə birmənalı baxış yoxdur:

"ABŞ, Fransa və digər Avropa ölkələri də İrana istənilən vaxt etibarsız bir ölkə kimi baxırlar. Yəni müəyyən dərəcədə ideologiya ilə idarə olunan dövlətlərdə istənilən vaxt ideoloji baxışlar dəyişə bilər. Ona görə də İrana bu baxış bucağından yanaşırlar. 

Paşinyan da daha çox son vaxtlar Qərblə təmasını gücləndirməyə üstünlük verdiyinə görə, İranla hədsiz yaxınlaşmaq siyasətindən yayınır. Düzdür, o, nəzərə alır ki, müəyyən proseslərdə İran Ermənistana yol olaraq faydalıdır, amma, əslində, Zəngəzur dəhlizinin açılması məsələsində İranın mövqeyi heç Paşinyanın da işinə yaramır”.

F. Mustafanın zənnincə, İran daha çox qatı ermənipərəst bir mövqe sərgiləyir:

"Paşinyan da sənədin altına imza atanda, yəqin ki, bu mövzu ətrafında kifayət qədər düşünüb-daşınmışdı ki, bu, Ermənistanın xeyrinədir. İndi Ermənistanın xeyrinə olan bir layihənin üstündən xətt çəkməyə çalışır İran. Bunu Paşinyan açıq dilə gətirməsə də, hər halda bundan xoşhal deyil və bu məsələyə ona görə bir az ehtiyatla yanaşır ki, İranla münasibətlərin formalaşması gələcəkdə Ermənistanın taleyi üçün çox acınacaqlı nəticələr doğura bilər.
Diqqət edirsinizsə, erməni "dərin dövləti”nin əsas adamlarından biri olan, keçmiş prezident Levon Ter-Petrosyan da açıqlama verdi ki, Türkiyə və Azərbaycanla mütləq barışığa getməliyik. Çünki ağıllı və rasional düşünən siyasətçilər bunun alternativsiz yol olduğunu bilirlər. İndi Fransa və ABŞ nə qədər küyləyib, Ermənistanı yeni mərhələyə yönəltmək istəyirsə, Ermənistanın bunu davam etdirməyə resursları yetərli səviyyədə deyil. Ordu sistemi dağılıb, müəyyən dərəcədə ölkə kataklizmlər içərisindədir, siyasi böhran kifayət qədər yüksək səviyyədədir. Ona görə də bu yol açılmasa, habelə iqtisadi əlaqələr qurulmasa Ermənistanın dövlət olaraq mövcudluğunda problemlər çıxacaq”.

Millət vəkili aydınlaşdırır ki, belə olan zaman İranın da buna təsiri olmayacaq, çünki İran özü-özünə müəyyən dərəcədə əlac edə bilmir:
"İran öz daxilində kifayət qədər ciddi problemlər yaşayır. Ona görə də Ermənistanın bu məsələdə bir az soyuq davranmasının səbəbini gələcəkdə nəzərdə tutduqları və söyləyə bilmədikləri bir planla bağlı düşünmək olar. Çünki Paşinyan da dəfələrlə dilə gətirib, indi Petrosyanın da ağızı ilə söylənilir ki, müharibə mütləq dayanmalı, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu tanınmada isə artıq münasibətlərin normallaşması baş tuta bilər ki, bu da Ermənistan üçün xilas ola bilər.

Bildiyiniz kimi, Ermənistanın İranla 44 km-lik sərhədi var və o sərhədin də alternativsiz olaraq 1 yolu mövcuddur. Buradan da hər hansı bir daşımalar və başqa məsələlər mümkün deyil. Həmçinin, dəmiryolu və başqa problemlər də orada var. Ancaq quru yolla, tırlarla nəyinsə daşınması nəzərdə tutula bilər. Amma Türkiyə ilə sərhəd açılsa, 4-5 istiqamətdən Ermənistan bazarı və Ermənistandan çıxış kifayət qədər genişlənər”.

"Eyni zamanda Azərbaycanla münasibətlər Ermənistan üçün artıq təhlükəsiz şəkildə inkişafa səbəb ola bilər. Çünki müharibə Ermənistan apardıqca, Azərbaycan da vaxt-aşırı Ermənistana zərbələrini vuracaq. Çünki dünən bir əsgərimizi yaraladılar, əvəzində isə 3 erməni əsgəri öldürüldü. Bu həmişə davam edə bilər və bu, Ermənistan üçün problemin həmişə qalması deməkdir. İran məsələsindəki ehtiyatlılığı burada axtarmaq daha doğru olardı”, – deyə o, yekunlaşdırıb



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook