SON XƏBƏR

Deputat: "Rusiya bazarlarında reketçiliklə pul toplayıb Azərbaycandakı “5-ci kolon”u..."

Dekabr 04
09:22 2021
"Vətən müharibəsi dönəmində milli birliyə zərbə vurmaq üçün çabaladılar. Zəfərdən sonra da qələbəmizə ləkə gətirməyə çalışdılar, xalqın milli zəfərini əlindən almağa cəhd etdilər. Sosial şəbəkələrdə, internet televiziyalarında erməni lobbisinin tezisləri ilə ölkənin gündəmini dəyişmək, əsas diqqəti Qarabağdan, Şərqi Zəngəzurdan yayındırmaq istədilər. Azərbaycan dövləti və xalqı üçün çox mühüm siyasi-tarixi məqam ortaya çıxdıqda belə müxtəlif psevdomövzularla ictimai rəyi çaşdırmaq niyyətində oldular. Elə 14 şəhidimizin son mənzilə yola salınması günü də istisna olmadı. Rusiya bazarlarında reketçiliklə pul toplayıb Azərbaycandakı "5-ci kolon”u, radikal müxalifəti qidalandıran birisini bəhanə gətirərək ölkədə ictimai-siyasi sabitliyi pozmaq istədilər. Heç şübhəsiz ki, bunun bir adı var: xəyanət, milli maraqlara xainlik, dövlətçiliyə baiskarlıq, şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik”.
 
Qlobal.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva YAP.az-a deyib.

Sədaqət Vəliyeva bildirib ki, şəhid ruhuna, onların ailələrinin acısına açıq şəkildə hörmətsizlik edib şou göstərənlər ciddi şəkildə cəzalandırılmalıdır: "Yaqublusu, Rüstəmlisi, Kərimlisi, fərq etməz hansı soyadlı biriləri xalqın şəhidlərinə hörmətsizlik edirsə, milli maraqlara, dövlətçiliyə xəyanət edirsə, xidmətləri belə varsa əgər nəzərə alınmadan sərt şəkildə cəzalandırılmalıdırlar. İmkan verilməməlidir ki, kimlərsə qeyri-qanuni metodlarla hüquqa, məhkəmə hökmlərinə təzyiq etsin. Qərbdəki institutlardan alınan təlimatlar əsasında hüququ cəngəllik qanunları ilə əvəzləyib cinayətkarı qəhrəman zirvəsinə yüksəltmək presedentinin yaranmasının qarşısı da qətiyyətlə alınmalıdır. Bütün ictimaiyyət dekabr ayının 1-də bir tərəfdə 14 şəhidi üçün ağlayan ailələri, acını paylaşmaq üçün şəhid ailələrinin yanında olan xalqı, digər yanda isə xalqın matəm günündən sui-istifadə edərək pandemiya qaydalarına belə riayət etmədən insanların sıx hərəkəti olan ərazidə polislə qarşıdurma yaratmağa cəhd edənləri gördü. Düşünürəm ki, xalqın da istəyi ondan ibarətdir ki, şəhidlərinə hörmətsizlik edənlər mütləq cəzalandırılmalıdır”.

"Azərbaycanın Soçi və Aşqabad uğurundan, Zəngəzur dəhlizinin bütün dünya tərəfindən alqışlanmasından, ölkəmizin strateji nailiyyəti kimi qəbul edilməsindən yalnız düşmənlərimiz sarsıntı keçirə bilər. Görünür, yaqublu, kərimli kimilər də düşmənlərimizlə eyni sırada yer alıblar” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, şəhidlərin ruhuna hörmətsizlik edənlərin əsas tapşırığı bütün mənəvi sərhədləri aşaraq Brüssel səfəri öncəsi dövlətimizə təzyiq etmək üçün anti-Azərbaycan qüvvələrinə təzyiq rıçaqı verməkdir: "Xalqımızı, dövlətimizin birinci şəxsini və ailə üzvlərini, alimini, müəllimini, sıravi vətəndaşını belə məişətdə işlədilən ifadələrlə, küçə söyüşləri ilə təhqir edən,  milli maraqlarımıza zərbə vurmağa çalışan, şəhidlərimizin ruhuna, ailələrinə açıq şəkildə hörmətsizlik edən bu ünsürlər qrupu ilə güzəştsiz davranmağın zamanıdır. Bir daha bu cür təxribatların qarşısının alınması üçün preventiv addımlar mütləq atılmalıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook