SON XƏBƏR

Dövlət vətəndaşının yanındadır: islahatlar dərinləşir, idarəetmə təkmilləşir

İyul 27
15:02 2022
Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Xüsusilə, dövlət başçısı regionların sosial-iqtisadi inkişafı, korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizə kimi məsələlərlə əlaqədar əldə olunan nəticələrdən və qarşıda duran vəzifələrdən bəhs etdi:

- Cənab İlham Əliyev "son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı”, - deyə vurğuladı. Bəli, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət proqramlarının qəbul edilməsi və uğurla icra olunması əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına mühüm töhfələr verir. 2004-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb.

Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb, əsas infrastruktur layihələrinə start verilib. Böyük Qayıdışın ilk addımlarının atılması isə yeni möhtəşəm müvəffəqiyyətlərdən xəbər verir. "Ağıllı şəhər”, "ağıllı kənd” layihələrinin həyata keçirilməsi isə, sözün əsl mənasında, regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər strateji əhəmiyyətə malikdir. Bu, bütövlükdə Azərbaycanda regional inkişafın yeni mərhələsinin başlanmasına təkandır.

Azərbaycan Prezidenti şəhid ailələrinə və qazilərə dövlət qayğısının davamlı olmasını bir daha qətiyyətlə bəyan və ifadə etdi. Dövlət başçısı "Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir”, - deyə bildirdi. O qeyd etdi ki, biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq, ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun: "Dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Ölkə başçısının sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti orqanları, məmurlar da bu məsələdən irəli gələn vəzifə öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın öz dövlətinə inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə xidmət edəcək.

Prezident İlham Əliyev daha bir önəmli nüansa diqqət yetirdi. O, "heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”, - deyə vurğuladı. Bəli, Azərbaycanın sürətli inkişafını təmin edən amillərdən biri bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahatlar kursu yeni dövrün tələbləri nəzərə alınmaqla, dövlətin qarşısında duran başlıca vəzifələri əsas götürülməklə müvəffəqiyyətlə davam etdirilir. Eyni zamanda, atılan addımlar şəffaflığın artırılmasına, bütün fəaliyyətin qanunçuluq prinsipinə riayət olunmaqla qurulmasına, qərar və hərəkətlərdə qanunun aliliyi, hüququn üstünlüyü kimi prinsiplərin əsas götürülməsinə xidmət edir. Məhz son dövrlər korrupsiya, rüşvətxorluq və bu kimi digər neqativ hallara qarşı aparılan qətiyyətli mübarizə də bu baxımdan xüsusi önəm daşıyır. Əlbəttə, korrupsiyaya qarşı prinsipial mübarizə islahatların tərkib hissəsi kimi reformalara mühüm dəstəkdir. Son zamanlar ölkəmizdə bəhs olunan neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər ardıcıl xarakter alıb, korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb ki, bu da təqdirəlayiqdir. Bir sıra rayonların icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin, digər bəzi qurumların, mərkəzi idarə və təşkilatların vəzifəli şəxslərinin qanunazidd əməllərinin ifşa olunması və onların həbs olunmaları bir məqamdan xəbər verir: korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə davamlı xarakter daşıyır. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə siyasəti birmənalı olaraq vətəndaşların haqlarının və dövlətin mənafeyinin qorunmasına xidmət edir. Təqdirəlayiq haldır ki, Azərbaycan ictimaiyyəti, ölkə vətəndaşları bu cür mənfi hallara qarşı mübarizə tədbirlərini olduqca yüksək qiymətləndirirlər. Yəni dövlətin korrupsiyaya qarşı mübarizəsi böyük ictimai dəstəklə qarşılanır. Bütövlükdə isə, Azərbaycan dövlətinin öz vətəndaşlarının yanında olmasını insanlar məmnunluqla qarşılayaraq öz razılıqlarını ifadə edirlər. Bütün bunlar isə vətəndaş-dövlət, xalq-iqtidar birliyinin bariz nümunəsini əks etdirir. Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapmış fikirlər də bu reallığın əyani ifadəsidir.

Ən əsası, Azərbaycan Prezidenti çox mühüm bir şəxsi nümunə ortaya qoyub. "Hər bir məmur xalqın xidmətçisidir”, - deyən cənab İlham Əliyev öz nümunəsində hər zaman xalqa xidmət örnəyi nümayiş etdirib. Dövlət başçısı vəzifəyə təyin etdiyi məmurlara tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onların haqqını qəsb etməsinlər.

Məqsəd və hədəf bəllidir: islahatların dərinləşdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, Azərbaycanın qüdrətinin daha da artırılması. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook