SON XƏBƏR

Fermer: "Subsidiyamı vermirlər, deyirlər yuxarıya "hörmət etmək" lazımdır"

Sentyabr 21
11:36 2021
Bərdə rayon Piyadalar kənd sakini, təsərrüfatçı Muradov Arif Murad oğlu rayonun Kənd Təsərrüfatı İdarəsinin ona qarşı qərəzli mövqe sərgiləyərək fermerlər üçün nəzərdə tutulan subsidiyanı verməkdən boyun qaçırdığını iddia edir.

Məsələ ilə bağlı sentyabr ayının 8-də Yeniavaz.com-a müraciət edən A. Muradov bildirib ki, 2020-ci ildə təqdim etdiyi bəyannamədə yaranan problemə görə Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsi ona 2021-ci ildə verilməli olan subsidiyanı vermir:

"2020-ci ildə istifadəmdə olan torpaqlara taxıl, pambıq və soğan əkmişdim. Gübrə ilə bağlı subsidiyaların veriməsinə görə Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət etdim və onların məsləhəti ilə sənədləşmə işi aparıldı. Lakin daha sonra mənə bildirdilər ki, əkin sahəsinin bölgüsündə səhv var, soğan və taxılın yerləri bəyannamə zamanı səhv göstərilib, buna görə də həmin sahələrə görə subsidiya verməyəcəklərini dedilər. Mən bəzi yerlərə müraciət etsəm də, çox da əhəmiyyət vermədim Nəticədə, yerdə qalan 14 hektar əraziyə görə mənə subsidiya verildi.

2021-ci ildə 2 hektar əraziyə soğan, 7 hektar əraziyə taxıl, 8 hektar əraziyə isə pambıq əkdim. Bununla bağlı bəyannamə verdim, idarədən də gəlib baxdılar əraziyə, bildirdilər ki, heç bir problem yoxdur. 2020-ci ildəki problemə görə bu dəfə daha diqqətlə məsələyə yanaşdım ki, eyni hal bir daha yaşanmasın. Analiz üçün torpaq nümunəsi də istədilər, başqa təsərrüfatçılar verməsə də, mən verdim. İndi hər kəsin subsidiyası ödənilib, mənim 17 hektar sahəmin ödənişi edilmir. Ödənişin miqdarı təxminən 3 min 500 manatdır.

Müraciət etdim Kənd Təsərrüfatı İdarəsinə, subsidiyanın verilməməsinə səbəb kimi ötən il bəyannamədə yol verilən səhvi göstərdilər. Mən də bildirdim ki, ötən ilki xətaya görə, ötən il subsidiyamı kəsdiniz. Bu ilin ötən ilə nə aidiyyatı var? Dedilər, aiddir. Əlacım kəsildi, dedim, eybi yox, o iki hektarı builki subsidiyadan da çıxın, yerdə qalanı verin. Onu da vermirlər. Haqqımı tələb etdiyim üçün mənimlə ədavət aparırlar".

A.Muradov bildirib ki, AKİA-ya (Aqrar Kredit və İnkişaf Agentliyi) da müraciət edib: "Mənə bir əlaqə nömrəsi verdilər və dedilər ki, 1 həftə ərzində sizə məlumat veriləcək. Üzərindən 15 gün keçib, dəfələrlə əlaqə saxlamağa çalışsam da əlaqə nömrəsinə cavab vermirlər.

Mən də veriləcək subsidiyaya arxalanaraq gübrə götürmüşəm və sahəyə vermişəm. İndi gübrəni aldığım təşkilat haqlı olaraq məndən ödənişi tələb edir. Mən də pensiyaçı adamam, o qədər pulu necə ödəyə bilərəm?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə də yazılı müraciət etmişəm, lakin heç bir cavab verilməyib".

Təsərrüfatçının iddiaları ilə bağlı Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

AKİA-dan sorğumuza cavab olaraq subsidiyanın 1 həftə ərzində ödəniləcəyi bilidirilsə də, Arif Muradov ona heç bir ödənişin edilmədiyini deyib. O bildirib ki, mətbuata müraciət etdikdən sonra əkin sahələrində yenidən monitorinq aparılıb:

"Bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyindən gəlib mənim sahəmdə monitorinq apardılar. 7 hektar sahədə pambıq əkmişəm. Mənə irad tutdular ki, sən pambığı səhv yerə əkmisən. Dedilər ki, zavod bu sahəni uyğun görmür. Mən də bildirdim ki, bununla bağlı zavod mənə heç bir şifahi və yazılı xəbərdarlıq etməyib, əgər belə bir hal vardısa, bunu mənə əvvəlcədən bildirməli idilər. Ümumiyyətlə isə, zavodla mənim aramda pambığın hansı sahəyə əkiləcəyinə dair sənəd üzərində heç bir razılaşma olmayıb. Mənə bildirdilər ki, zavod bizə bu sahəni göstərməyib. Dedim, bu artıq zavodun problemidir, çünki zavoddan bu barədə mənə bildirilsəydi, buna dair sənəd imzalansaydı, mən məsuliyyət daşıyardım.

Kənd Təsərrüfatı İdarəsində məndən pul umurlar. Bunu açıq şəkildə oranın əməkdaşları mənə dedilər. Bildirdilər ki, bu iş bizlik deyil, yuxarılıqdır, oraya "hörmət etmək” lazımdır. İdarədə mənə dedilər ki, sən bu işi yuxarılarla həll eləməlisən. Dedim, necə? Dedilər sənin 70 yaşın var, bilmirsən necə həll eləməlisən? Bax belə”.
AKİA-dan Yeniavaz.com-a məsələnin araşdırılacağı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirildi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook