Fransa Prezidenti İlham Əliyevə zəng edib
Avqust 05
09:32
2022
Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report"un məlumatına görə, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.