SON XƏBƏR

"İran ölkəmizdə təxribatlar törətməyə çalışır, xalqımız ayıq olmalıdır" - Ramin Əhmədov

İyun 17
20:36 2022
"Son dövrlər İran tərəfindən dəstəklənən, molla rejiminin ideoloji xəttinə xidmət edən bir qrup şəxs tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirilir. Onların əsas təbliğat mərkəzləri isə sosial şəbəkələrdir. Həmin təxribatçı qrup Azərbaycanın siyasi hakimiyyətinə, İranmeyilli qüvvələri dəstəkləməyən vətəndaşlara qarşı radikal fikirlər səsləndirir, hətta ölkədə ixtişaşların törədiləcəyi ilə bağlı xəbərdarlıqlar edirlər.”

Qlobal.az Missiya.Az-a istinadla xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov İran tərəfindən dəstəklənən bəzi təxribatçı qrupların Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyası barədə danışarkən deyib. Ramin Əhmədov son dövrlər Azərbaycana qarşı həyata keçirilən anti-milli kampaniyanın birbaşa olaraq, İran hakimiyyəti tərəfindən dəstəkləndiyini bildirib.

"Təxribatçılar demək olar ki, hər gün anti-Azərbaycan kampaniyasının miqyasini genişləndirirlər. Məsələn, artıq bir qrup şəxs İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinin qarşısında ölkəmiz əleyhinə aksiya keçirib, radikal şüarlar səsləndirib, əsassız ittihamlar irəli sürüblər. Təbii ki, səfirliyin qarşısında keçirilən aksiya və səsləndirilən şüarlar bir daha sübut edir ki, Azərbaycana qarşı sosial şəbəkələrdə həyata keçirilən anti-milli kampaniya İran tərəfindən təşkil olunub.”  

Media Qrup rəhbəri İran hakimiyyətinin Azərbaycan qarşı sərgilədiyi aqressiv münasibətin səbəbləri barədə də danışıb. Ramin Əhmədov bildirib ki, İran heç vaxt Azərbaycanın inkişafını istəməyib və Qarabağ probleminin həllində maraqlı olmayıb.

"Azərbaycan müstəqillik qazandıqdan sonra bütün qonşuları ilə bərabərhüquqlu dostluq əlaqələri qurmaq yönündə siyasət yeridir və heç bir ölkənin daxili işlərinə qarışmır. Amma Azərbaycanın sülhsevər siyasi xəttinə baxmayaraq, bəzi qonşularımız ölkəmizə qarşı ikiüzlü siyasət həyata keçirirlər, hər fürsətdə uğurlarımıza mane olurlar. Əlbəttə ki, bu ikiüzlü qonşularımız sırasında Ermənistanın adı birincidir. Amma İran da ötən dövr ərzində Ermənistandan geri qalmayıb, imkan yarandıqca, Azərbaycanın inkişafına, uğurlarına mane olmağa çalışıb. Əminliklə deyə bilərik ki, İran hakimiyyəti heç vaxt Qarabağın azadlığına şahidlik etmək istəməyib və rəsmi Tehran Azərbaycanın torpaqlarını azad etməsinə ən azı Ermənistan qədər məyus olub.”

İran hakimiyyətinin Ermənistana xüsusi sevgi nümayiş etdirdiyini deyən Ramin Əhmədov bildirib ki, rəsmi Tehran ötən 30 il ərazində İrəvanın Bakıya qarşı yürütdüyü aqressiv siyasətə susqunluq nümayiş etdiyib, heç vaxt səmimi olmayıb.  

"Əgər İran Azərbaycana qarşı səmimi siyasət yürütsəydi, Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirdiyi qırğınlara, tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına, məhv edilməsinə görə, İrəvana təzyiqlər göstərərdi, hesab sorardır. Amma biz nə görürük? İran Qarabağda donuzların saxlanıldığı Azərbaycan məscidləri ilə bağlı heç bir mövqe nümayiş etdirmir, əksinə İrəvanda xalqımızın milli-memarlıq üslubunda tikilmiş məscidlərini farsların dini abidəsi kimi təqdim edir. Hətta rəsmi Tehran Qarabağda şəhərlərin dağıdılmasını, evlərin tikinti materiallarının qeyri-leqal yollarla İrana daşınmasına birbaşa təşkilatçılıq edib. Bundan başqa, İran şirkətləri Azərbaycanın bütün xəbərdarlıqlarına baxmayaraq, həm işğal dövründə, həm də Vətən Müharibəsindən sonra belə Qarabağda fəaliyyətlərini dayandırmaqdan imtina ediblər. Yalnız rəsmi Bakı qəti mövqe nümayiş etdirdikdən, konkret tədbirlər gördükdən sonra Qarabağda fəaliyyət göstərən İran şirkətləri bölgədən çıxmağa məcbur olublar.”

Ramin Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları ayıq-sayıq olmalı, anti-milli kampaniyanın bir parçasına çevrilməməlidirlər.

"İran anlamalıdır ki, Suriyada, İraqda, Livanda və Yəməndə qurduğu terror şəbəkəsini Azərbaycanda reallaşdıra bilməyəcək. Çünki Azərbaycan xalqı ayıq-sayıqdır, həmişə dünyada və regionumuzda baş verən prosesləri yaxından izləyib və düzgün qərarlar qəbul edir. Azərbaycan xalqına hər hansı xarici qüvvənin qondarma dəyərləri lazım deyil. Bizim qədim tarixi köklərə malik ənənələrimiz var və xalqımız da həmin milli və dini dəyərlərinə sadiqdir. Bu səbəbdən əminliklə deyə bilərik ki, xalqımız İran mollalarının siyasətinin qurbanı olmayacaq, onların təxribatçı planlarının parçasına çevrilməyəcək.”


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook