Kolumbiya mətbuatı ermənilərin Qarabağda basdırdığı minalardan yazıb
May 07
07:40
2021
Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan "Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə "Piyada əleyhinə minalar və törətdiyi faciələr haqda” başlıqlı yazı dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Report”a verilən məlumata görə, yazıda Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər gətirilir, bu xüsusda Kolumbiyada gerilla dəstələri və paramilitantlar tərəfindən ölkə üzrə geniş ərazilərdə hüquq-müfahizə orqanlarına qarşı kütləvi minalanmanın aparılmasınını 3 milyona yaxın əhalinin məcburi qaydada yaşadıqları rayonları tərk etməli olduğu, Azərbaycan ərazisində də Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində çoxlu sayda mina basdırılmasının 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtmasına ciddi maneə törətdiyi bildirilir.
Bununla yanaşı, Kolumbiyada sözügedən qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və qeyd olunan məqamların həm Kolumbiya, həm də Azərbaycanda günahsız mülkü insanlar arasında çoxsaylı tələfata səbəb olduğu məlumat verilir.
Ermənistan tərəfinin bu davranışının Azərbaycan xalqına qarşı uzun müddətdir yürütdüyü etnik təmizləmə siyasətinin davamı olduğu, regionda yaşayış infrastrukturunun bərpasını və məcburi köçkünlərin qayıdışını ləngitdiyi söylənilir və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu bildirilir.