SON XƏBƏR

Levon Hayryan: "Bizimkilər bilmirlərsə, qoy bunu Əliyevdən öyrənsinlər"

Dekabr 30
17:11 2021
44 günlük müharibədən sonra Qarabağdan köç edən ermənilər bu gün İrəvanda hökumət binası qarşısında növbəti etiraz aksiyası təşkil ediblər.

Qaynarinfo xəbər verir ki, etirazçılar özlərinə qaçqın statusunun verilməməsindən şikayətləniblər. Ermənistana sığınan ermənilr onlar üçün hardasa mənzillərin tikilməsini tələb edirlər. Narazı Qarabağ  erməniləri hökumətə məktub təqdim etdikdən sonra BMT-nin  ofisinə və Fransa səfirliyinə yürüş ediblər. 

Qeyd edək ki, Qarabağdan köç etmiş ermənilər iyirmi beş gün əvvəl Fransa prezidentinə siyasi sığınacaq istəmək üçün məktub göndərmişdilər.
Bununla bağlı "Hadrut naminə” QHT-nin icra orqanının sədri Leon Hayryan bildirib: 

"Əsas tələbimiz yenidən Hadruta qaytarılmağımızdır, baxmayaraq ki, bunun həllinin çətin olduğunu bilirik. Hazırda hökumətin bizim üçün edə biləcəyi yeganə şey bizə qaçqın statusu verməkdir. Və bu da Hadrutun qaytarılmasını tələb etməyə və beynəlxalq təşkilatların bizə kömək etməsinə imkan verəcək. İndi bizim heç bir statusumuz yoxdur. Ermənistan hökuməti bizə status verməlidir. Yaxşı olardı, beynəlxalq qaçqın statusu olsun ki, onların da xeyrinə olsun. Bizə indi 25 min dram, yəni çox az pul verirlər, üstəlik sentyabr-oktyabrın pulu noyabrın sonu, dekabrın əvvəlində verilib. İndiyə qədər noyabr və dekabr ayları verilməyib.

Bizə siyasi baxımdan da qaçqın statusu lazımdır, çünki 10 noyabr sənədinin 7-ci bəndində qeyd olunur ki, qaçqınlar və köçkünlər öz yaşayış yerlərinə qayıtmalıdırlar. Sabah müqavilə imzalansa, o statusumuz yoxdur, Azərbaycan bizi qəsəbələrimizə buraxmamağa haqlı olacaq, çünki biz nə qaçqın, nə də məcburi köçkünük.

İndi deyirlər ki, "Qaçqın” qanununda yazılıb ki, Ermənistanda qohumun varsa, deməli, qaçqın deyilsən, Bəs necə olur ki, İlham Əliyev Füzulidən köçkün olan azərbaycanlılara beynəlxalq qaçqın statusu verib? Əgər bizimkilər qaydasını bilmirlərsə, onda qoy bunu Əliyevdən öyrənsinlər.  Azərbaycan tərəfi beynəlxalq ekspertləri çağırıb, ona qaçınlarla bağlı beynəlxalq qanunun işləyib hazırlamasını həvalə etmişdilər. İndi anlaya bilmirik, bəyəm bizimkilər üçün ayıb olarmı onlar da  beynəlxalq mütəxəssis gətirib o qanunu yazsınlar və biz də o statusu ala bilək? Amma bizimkilər ruslardan qorxurlar, çünki birdən ruslar deyərlər ki, niyə qaçqınsan, səni burada saxlamırıq bəyəm?"

Etirazçıların sözlərinə görə, növbəti tələbləri onlara mənzillərin verilməsidir: 

"Çünki bunu hökumət etməsə, biz də müxtəlif ölkələrin səfirlərinə bir daha müraciət edəcəyik ki, bizə sığınacaq versinlər, gedib orada öz camaatımızla yaşayaq. Camaatı saxlamaq lazımdır, amma belə saxlamaq olmaz, yarısı Rusiyaya, yarısı Amerikaya qaçacaq, bəziləri Ermənistanda qohumunun evində qalacaq.

Əsas məsələlər həll olunana qədər aylıq xərcləri bir az da artırmalıdırlar. 25 min dram ödəyirlər, bu da 5 nəfərlik ailənin mənzil kirayəsi belə etmir.
Belə ki, hansı addımları atacağımızı zaman göstərəcək. Hər halda birlik olmalıdır. Qoy hər kəs özü üçün azad olsun, amma ümumi məsələlərdə birlikdə olaq”, - deyə Levon Hayryan çıxışını yekunlaşdırıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook