SON XƏBƏR

Məhsulu tırlarda məhv olan fermerlər nə etsin? (TƏKLİFLƏR)

İyun 03
11:10 2021
"Kənd təsərrüfatı istehsalçılarının problemləri davam edir. Fermerlər məhsullarının Rusiya bazarlarına çıxarılması ilə bağlı böyük çətinliklərlə üzləşib”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert deyib ki, Rusiya Federasiyası istiqamətində hərəkət edən yüzlərlə yük maşını "Samur" gömrük postunda sərhəddi keçmək üçün növbə gözləyir: 

"Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. 
 
Görünür ki, Rusiya tərəfi bundan çox avtomobili qəbul etmir. Bu baxımdan da xüsusilə Göyçaydan və Cəlilabaddan Rusiyaya göndərilən meyvə-tərəvəz və bostan məhsulları yollarda xarab olur, bundan da itirən fermerlər olur. 

Bu il üçün fermerlərin xərcləri də əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə ki, daşınma məsrəfləri xeyli bahalaşıb. Problemin həlli üçün nələr edilməlidir?

1) İxrac bazarları şaxələnməlidir, Rusiyadan müstəsna aslılıq aradan qaldırılmalıdır. Odur ki, yeni bazarlara çıxış imkanları araşdırılmalı, fermerlərə alternativ satış bazarları təklif olunmalı və yeni bazarlara çıxış stimullaşdırılmalıdır. 

2) Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının daşınmasında alternativ variantlardan, xüsusilə də dəmiryol nəqliyyatından istifadə edilməlidir. 

3) Kənd təsərrüfatı məhsullarının bazasında emal sənayesi inkişaf etdirilməlidir.

4) Fermerlərə, onların mallarını bazarlara çıxaran şirkətlərə onlardan asılı olmayan səbəblərdən dəyən zərərlərin bərpası üçün sığorta mexanizmləri tətbiq olunmalıdır. 

Yekun olaraq qeyd etmək istərdim ki, bəzi Kütləvi İnformasiya Vasitələrində yaranmış vəziyyətə görə gömrük orqanları hədəfə götürülüb. Lakin, məsələyə ədalətlə yanaşanda yaranmış problemdə gömrük orqanlarının rolu əhəmiyyətli faktorlar arasında yer almır. Burda əhəmiyyətli faktorlara Rusiya tərəfinin yaratdığı süni əngəllər və logistik problemlər daxildir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook