SON XƏBƏR

Milli Məclisin oliqarx deputatları: "TOP-10"da kimlər var?

Oktyabr 26
00:22 2021
Milli Məclisin bəzi deputatlarını xalq tanımasa da, onlar cəmiyyətdə çox populyardırlar. Deputatların populyarlıqlarına səbəb isə onların parlamentdəki çıxışları, hökumətə verdikləri təklif yox, sahib olduqları biznes imperiyalarıdır. 
 
Qlobal.az Milli Məclisin böyük sərvətlərə malik 10 deputatının siyahısını təqdim edir:
 

 
Elnur Allahverdiyev
 
Milli Məclisə 17 saylı Yasamal III dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçilib. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Azərbaycanın ən böyük elektronika və məişət texnikalarının satışı ilə məşğul olan "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. "Kontakt Home" mağazalar şəbəkəsi satdığı məhsullara yüksək faiz qoymaqda günahlandırılsa da, müştəri bolluğunu qoruyub saxlaya bilir. Elnur Allahverdiyev mediaya verdiyi açıqlamada deputat seçildikdən sonra sahibkarlıqla məşğul olmadığını deyib. 
 

 
Cavanşir Paşazadə 
 
İyirmi ilə yaxındır ki, Milli Məclisin deputatıdır. Savadsız şəxs kimi xarakterizə olunsa da, böyük biznesə sahibdir. İnşaat sektoru ilə yanaşı, böyük restoranlar şəbəkəsinə rəhbərlik edir. Həmçinin ölkəyə gətirilən kartof, soğan, xurma və bir sıra çərəzlərin də Paşazadənin monopoliyasında olduğu deyilir. C.Paşazadə Qafqazın şeyxi hacı Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin qardaşıdır.
 


Ağalar Vəliyev

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndis", 2012-ci ildə "Şöhrət” ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ölkənin inşaat monopolistlərindəndir. Dövlət xətti ilə dəyəri on milyonlarla ölçülən layihələri Ağalar Vəliyevə məxsus olan şirkətlər həyata keçirdiyi iddia edilir. Mediada yazılanlara görə paytaxt və digər iri şəhər və rayonlarda inşa edilən "Kristal Abşeron" layihələri Ağalar Vəliyevə məxsusdur. Azərbaycanın ən böyük tikinti maqnatıdır. 
 

 
Rüfət Quliyev 
 
Milli Məclisin III, IV, V və VI çağırış üzrə deputatı. İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının və MDB PA-nın İqtisadiyyat Ekspert Şurasının üzvüdür. Rüfət Quliyev Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan "European Tabacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. Azərbaycanın siqaret bazarının 70-80 faizi deputatın nəzarətindədir. 
 

 
Kəmaləddin Qafarov
 
Naxçıvan Dövlət Universitetinin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. İkinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə alıb. 2005-2013-cü ildə adı açıqlanmayan əczaçılıq şirkətində müxtəlif vəzifələrdə çalışıb. V və VI-cı çağırış üzrə Milli Məclisin deputatıdır. 2014-cü il sentyabrın 17-də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsinə təyin olunub. Mediada yazılanlara görə Kəmaləddin Qafarovun nəzarətində olan şirkətlər dövlət sifarişi ilə dərman pereparatlarının və tibbi ləvazimatların ölkəyə idxalını təşkil edir. Bu şirkətlərin illik dövriyyəsinin on milyonlarla manat civarında olduğu yazılır. Deputat indiyədək bu yazılanları təkzib etməyib. 
 

 
Məşhur Məmmədov

Milli Məclisinin VI çağırış deputatıdır. Dövlət Neft və Kimya Universitetinin məzunu olan M.Məmmədov Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycanın ən böyük mebel şirkətlərindən olan Embawood şirkətinin sahibidir. Yerli mediada yazılanlara görə Məşhur Məmmədov hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərlə ölkə xaricində şərikli biznesə sahibdir. 
 

 
İqbal Məmmədov
 
Milli Məclisin IV, V və VI-cı çağırış üzrə deputatı. Fəaliyyətsizliyinə görə mediada ən çox tənqid olunan deputatlardandır. "Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri və baş direktoru olub. Çoxsaylı daşınmaz əmlaklara sahibdir. Ən məşhur obyekti Lerik rayonunun 33-cü kilometrliyində olan "Relax" İstirahət Mərkəzidir. Bu istirahət kompleksinin qiymətinin 10 milyon manatdan artıq olduğu deyilir. Qeyd edək ki, 2019-cu ildə Vergilər nazirliyinin əməkdaşları bu istirahət mərkəzinin işçiləri tərəfindən döyülmüşdü. Baş verən hadisəyə görə İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və 6 nəfər həbs edilmişdilər. 
 

 
Ülvi Quliyev
 
O, 2005-ci ildən indiyə kimi Milli Məclisin deputatıdır. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.  Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Mediada yazılanlara görə Ülvi Quliyev İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) şirkətinin sahibidir. Deputatın oğlu Orxan Quluzadənin Peterburqda NEO GROUP LTD şirkətinin olduğu barədə də mediada yazılar tirajlanıb. Mətbuatda gedən xəbərlərə görə Ülvi Quliyevin nəzarətində olan şirkətlər Bakıda yaşayış binasının tikintisi ilə də məşğul olur. Deputat bu məlumatları təkzib etməyib. 
 

 
Eldar Quliyev
 
II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədridir. Azərbaycanın özəl ali təhsil müəssisələrindən olan Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Böyük biznes imperiyasına malik olsa da indiyədək ölkədə keçirilən heç bir xeyriyyə tədbirlərində görülməyib. 
 

 
Madər Musayev
 
Azərbaycan müstəqillik əldə edəndən - 1991-ci ildən indiyədək deputatdır. Bakı və ətraf qəsəbələrdə çoxsaylı daşınmaz mülklərə sahibdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. Ölkənin ən iri ticarət mərkəzlərindən olan "Favorit Marketlər Şəbəkəsi"nin sahibidir. İnşşat sektorunda da sərmayələrinin olduğu deyilir. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook