SON XƏBƏR

Professor Qüdrət İsaqov: "İlham Əliyev dünya lideridir! Azərbaycanın onun prezidentliyinə ehtiyacı var..."

Sentyabr 15
00:38 2017
Qlobal.az ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı professor Qüdrət İsaqovla müsahibəni təqdim edir:
 
- Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan hakimiyyətini 3 milyardlıq korrupsiya əməliyyatında suçlayır. Bu məsələyə Sizin yanaşmanız necədir?
 
- Bu yazını 2-3 dəfə oxudum. Onların konkret hədəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdi. Qərb mətbuatında çap olunan bu yazının əsas məqsədi prezident seçkilərindən bir il öncə Azərbaycanda siyasi situasiyanı dəyişdirmək, İlham Əliyevin əvəzinə kimisə hakimiyyətə gətirməkdir. Bunu bacarmasalar belə əsas məqsədlərdən biri Azərbaycanda hökm sürən əmin-amanlığı pozmaqdır. Belə araşdırmalar və belə yazılar orta və aşağı səviyyəli auditoriyaya hesablanıb. Materialı diqqətlə oxuduğumdan deyə bilərəm ki, "3 milyardlıq korrupsiya faktları" çox bəsit, səbəb və nəticə bağlılıqları olmayan, konkret faktlara söykənməyən bir yazıdır. Ona görə də belə "hesabatın", yaxud yazının bir adı var- böhtan. Yəni özlərini beynəlxalq araşdırmaçı adlandıran insanlar heç bir ciddi araşdırma aparmadan bu yazını yazıblar. Yazıda sübut və dəlillər yoxdur!
 
- Bəzi müxalif funksioner və jurnalistlər bu araşdırmanı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə Azərbaycan hakimiyyətinə verilən cavab kimi qiymətləndirirlər. Siz bu məsələdə bir əlaqə tapa bilirsinizmi?
 
- Məncə bu "araşdırmanı" Mehman Əliyevin həbsi ilə əlaqələndirmək doğru olmaz. Bu "böhtan" heç bir xarici təzyiqə məhəl qoymadan Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reytinqini aşağı salmağa hesablanıb.
 
- Qərbin siyasi dairələri zaman-zaman öz iqtisadi maraqları naminə İlham Əliyev cənablarının Azərbaycan xalqı arasında olan nüfuzuna kölgə salmağa çalışıblar. Bu proses artıq 15 ildir ki, gedir, ancaq hər dəfə də əksinə olaraq, xalqın dövlət başçısına olan inam və sevgisi daha da artır. OCCRP-nin bu araşdırmasında Baş nazirin birinci müavini Yaqub Eyyubov barəsində çox ciddi iddialar var. Yəqin bu məqam Sizin diqqətinizdən qaçmayıb...
 
- Dünyada Azərbaycan vətəndaşları qədər öz Prezidentini sevən insanlar yoxdu. Ona görə də Qərbin siyasi dairələrinin və onların yaratdıqları jurnalist təşkilatlarının, digər təşkilatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi xalqımızın gözündən salmaq cəhdləri həmişə iflasa uğrayıb. Əminəm ki, gələcəkdə də belə əsassız cəhdlər iflasa məhkum olacaq.
 
Sualınızın ikinci hissəsinə - yəni Baş nazirin birinci müavini Yaqub Eyyubov haqqındakı fikirlərə gəldikdə deyə bilərəm ki, Yaqub Eyyubovu yaxşı tanımıram. Onunla cəmisi bir dəfə 5 dəqiqəlik söhbətim olub. Azərbaycanin hakimiyyət strukturuna diqqətlə fikir versək nə deyə bilərik? Azərbaycan prezident respublikasıdır.
Bizdə Baş nazirin rolu və siyasi, iqtisadi təsir imkanları nazirlərin çoxundan aşağı səviyyədədir.
 
Belə olan halda Baş nazirin müavini Yaqub Eyyubovun dediyiniz yazıda adının çəkilməsini, yaxud ona xüsusi yer ayrılmasını anlamaq bir qədər çətindi. Amma o da ola bilər ki, dediyiniz jurnalist təşkilatı bəlkə haradansa məlumat alıb ki, gələcəkdə Yaqub Eyyubova hansısa yüksək vəzifə verilə bilər. Ona görə də ona hücum təşkil olunub.
 
- Yaqub Eyyubov indi də kifayət qədər yüksək vəzifədədir. Siz "yüksək vəzifə" deyərkən nəyi nəzərdə turursunuz, vitse-prezident vəzifəsini?
 
- Mən yüksək vəzifə deyərkən iqtisadi və siyasi proseslərə ciddi təsir imkanları olan vəzifəliləri nəzərdə tuturam.
 
- Aydındı. Qüdrət məllim, bir-iki gün öncə ölkə mediasında "Hacıbala Abutalıbov əxlaqsızlığa təsirli zərbə vurdu..." başlıqlı yazınız dərc olundu. Doğrudanmı əxlaqsızlığa təsirli zərbə vurulub?
 
- Əvvəlcə qeyd etmək istəyirəm ki, Hacıbala Abutalıbov Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində canını fəda eləmiş, həyatını risqlərə atmış, milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri olub. Hacıbala Abutalıbov Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya sədaqət nümunəsi olan barmaqla sayıla biləcək insanlardan biridir.   
 
Hacıbala Abutalıbovun bu hərəkəti əksəriyyət tərəfindən yüksək qiymətləndirildi. Hamı istəyir ki, milli dəyərlərimiz qorunsun. Əxlaqsızlıq yuvaları bağlansın. Amma mən həmən yazımda demişəm ki, bir təsirli zərbə azdır. Bu iş sistemli şəkildə davam etdirilməlidir. Hesab edirəm ki, hörmətli prezidentimiz bu sahədə işləri gücləndirmək üçün əlaqədar nazirliklərə, Bakı şəhər merinə, rayon icra hakimiyyətlərinə ciddi tapşırıqlar verəcək. Tapşırıqları yerinə yetirməyən məmurları isə ciddi cəzalandıracaq.
 
Mən o yazını yazarkən nəzərdə tutdum ki, bu hadisə başqalarına da dərs olar.
 
Hörmətli yazıçılar və şairlərimizin də nəzərinə çatdırıram ki, dövrümüzün böyük ədəbiyyatını yaratsınlar. Örnəklərimiz Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza kimi zirvələr olsun. Azərbaycan oxucusu, Azərbaycan əsgəri müasir yazıçılarımızdan Azərbaycan vətənpərvərliyinə çağırışlarla zəngin əsərlər gözləyir.
  
- Amma Bakıda bu cür fəaliyyət göstərən obyektlərin əksəriyyətinin arxasında böyük vəzifəli məmurlar dayanır. Yəqin bunun da fərqindəsiniz.
 
- Elədir. Amma kimin olub-olmamasından asılı olmayaraq bu məsələlər öz həllini tapmalıdı. Qanunların aliliyi hamıya şamil olunmalıdı. Özlərini qanundan yuxarı tutanların hamısı kimliyindən asılı olmayaraq cəzalandırılmalıdı
 
- Siz ölkənin siyasi həyatında ciddi fəaliyyət göstərən elm adamlarındansınız. Feysbukda "Mənim Prezidentim İlhamdı", "İnkişaf və Rifah" adlı çoxsaylı üzvü olan səhifələriniz və qruplarınız var. Elm adamı olaraq bu səhifələri yaratmaqda məqsədiniz nədir?
 
- Səhifələrim və qruplarım təsadüfdən yaranmayıb. Mən 2008 və 2013-cü illərdə prezidentliyə namizəd olmuşam. Əsas məqsədim elmimizə və xalqımızın rifahının yüksəldilməsinə təkan verə biləcək proqram xarakterli çıxışlar etmək, hökumətin və ictimaiyyətin daha doğru istiqamətlənməsinə töhfələr vermək olub. Həmişə istəmişəm və bu gün də istəyirəm ki, Azərbaycanda davamlı inkişaf və sabitlik olsun. Hər iki seçki prosesində Prezident İlham Əliyevin nə iqtidarda, nə də müxalifətdə alternativinin olmadığını 100% dərk etmişəm, namizədliyimi geri götürmüşəm və bəyan etmişəm ki, "Mənim Prezidentim İlhamdı". Ona görə də Facebookda "Mənim Prezidentim İlhamdı" adlı səhifə və "Mənim Prezidentim İlhamdı" adlı qrup yaratmışam. Ölkəmizdə daimi inkişaf və rifah istədiyimə görə "İnkişaf və Rifah" adlı qrup və digər çoxsaylı səhifələr yaratdım.
 


- Bu qrupların maddi təminatını necə həll edirsiniz?
 
- Facebookdakı səhifələrimin və qruplarımın abunəçilərinin sayının yüksəlmsində müəyyən miqdarda əməkhaqqımdan reklamlara pul xərcləmişəm. Amma say artımı əsasən dərc olunan materialların - statusların və yazılarımın aktuallığı hesabına əmələ gəlib.
 
- Qüdrət müəllim, Mehriban xanım Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin olunan zaman saytımız sizdən geniş müsahibə almışdı (http://qlobal.az/professor-qudret-isaqov-birinci-vitse-prezident-mehriban-eliyeva-azerbaycan-namine-byuk-isler-grecek/#.WbqabFcczIV). O zaman siz göstərmişdiniz ki, "Birinci vitse-prezident Mehriban Əliyeva  Azərbaycan naminə böyük işlər görəcək". Mehriban xanımın yüksək təyinatından 8 ay vaxt keçib. Sizcə 1-ci vitse-prezident Mehriban xanım Əliyeva bu 8 ay müddətində hansı böyük uğurlara imza atıb?
 
- Mehriban xanım birinci vitse-prezident təyin olunandan sonrakı qısa müddətdə Respublikamızın bütün şəhər və rayonlarında bu günə qədər miqyasına və mənasına görə analoqu olmayan böyük tikinti layihələrinin icrasına start verdi.
 
Bakı şəhərində 1000-ə yaxın istismar müddətini başa vurmuş, həm də şəhərlərimizin gürünüşünə xələl gətirən, insanların həyatı üçün fövqəladə hallar yaratmaq ehtimalı böyük olan binaların hamısı söküləcək. Həmin binaların yerində hündürmərtəbəli, seysmik dözümlü, şəhərlərimizin gözəlliyini, insanların rahat yaşayışını təmin edən binalar tikiləcək.
 
İnşa ediləcək binaların hesabına bütün qaçqınlar və məcburi köçkünlər, sökülən qəzalı binalarda yaşayan bütün ailələr mənzillə təmin olunacaq.
Prezidentin Fərmanları ilə sosial mənzillərin tikintisinə başlanılıb.
 
Heydər Əliyev Fondunun dəstəyilə "Yeniləşən Azərbaycana yeni məktəblər, yeni uşaq bağçaları" layihəsi uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban Əliyeva mütəmadi olaraq yeni məktəblərin və uşaq bağçalarının açılışlarını edirlər.   
    
- Prezident seçkilərindən danışdınız. Bildiyiniz kimi gələn il ölkədə Prezident seçkiləri keçiriləcək. Siz 2018-ci il Prezident seçkilərini necə görürsünüz?
 
- 2018-ci ildə prezident seçkilərində namizədlər çox olacaq.  Amma Prezident İlham Əliyev Azərbaycan xalqının prezidentliyə yeganə namizədi olacaq.
 
İlham Əliyev Azəri-Çıraq-Günəşli neft yataqları üzrə kontraktları yenilədi. Azərbaycanın xeyrinə neft strategiyasına yeniliklər əlavə etdi. 
 
İlham Əliyev Azərbaycanın qeyri-neft iqtisadiyyatını yaradır.
 
İlham Əliyev müasir Azərbaycanın qeyri-neft sənayesini yaradır.
 
İlham Əliyev Azərbaycanın müasir kənd təsərrüfatını yaradır. 
 
İlham Əliyev Azərbaycanın qüdrətli ordusunu yaradır.           
 
İlham Əliyev Azərbaycanda davamlı inkişafın və sabitliyin yaradıcısıdır.
 
İlham Əliyev təlatümlü dünyada Azərbaycanımızda əmin-amanlığın qarantıdır.
 
İlham Əliyev superdövlətlərin və güc mərkəzlərinin siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq Azərbaycanın müstəqilliyinin bir zərrəsini belə heç kimə və heç bir dövlətə güzəştə getmir və getməyəcək.
 
İlham Əliyevin dünya dövlətlərinin başçıları arasında yüksək reytinqi və nüfuzu var.
 
İlham Əliyevin bütün nitqləri müdriklik nümunəsidir.
 
İlham Əliyevin nitqləri müasir dünya siyasəti ilə milli mentalitetimizin sintezinə əsaslanır.
 
İlham Əliyev dünyanın böyük siyasi xadimlərindən olan Heydər Əliyev məktəbinin yetirməsidir.
 
İlham Əliyev çoxlu dillər bilən nadir dövlət başçılarından biridir.
 
İlham Əliyev öz səlis nitqləri ilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, digər beynəlxalq təşkilatlarda hamını məmnun edir.
 
İlham Əliyev dünya lideridir.
 
İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə Bakını dünyanın multikulturalizm mərkəzinə çevirib.
 
İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə Bakını sivilizasiyaların dialoqu mərkəzinə çevirib.
 
İlham Əliyev Bakını dünyanın beynəlxalq forumları mərkəzinə çevirib.
 
İlham Əliyevin prezidentliyi dövründə Bakı dünyanın müasir, gözəl paytaxtlarından birinə çevrilib.
 
İlham Əliyevin prezidentliyi dövründə bütün şəhər və rayonlarımız dünyanın müasir və gözəl şəhər və rayonlarına çevriliblər.   
 
Yuxarıda sadaladığım ali keyfiyyətlərinə və gördüyü möhtəşəm nəhəng işlərə görə bu gün və 2018-ci ildən sonra da İlham Əliyevin prezidentliyinə Azərbaycanın ehtiyacı var!
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook