SON XƏBƏR

Sahil-S İnşaat”da qalmaqal: Kəmaləddin Heydərov yoxlama üçün binaya çağırıldı

İyun 30
12:15 2021
"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) vətəndaşları aldadıb. 

Bu barədə HİT.Az-a MTK-dan şikayətçilər olanlar bildirib. Onların sözlərinə görə, "Sahil-S İnşaat” MTK-nın Yeni Günəşli qəsəbəsinin "A-B” yaşayış massivində inşa etdiyi hündürmərtəbəli binadan mənzil alıblar. Lakin aylardır mənzillərinə köçə bilmirlər. Çünki tikinti işləri dayandırılıb. 

Sakinlər bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, sözügedən MTK binanı təhvil vermir. 

"Şirkət inşa işlərini binanın sonuncu mərtəbəsində dayandırıb, heç bir səbəb göstərmədən tikintini davam etdirmir”, - deyə sakinlər bildirib.

MTK tikinti işlərinin dayandırılmasını maliyyə çatışmazlığı ilə izah edir. Bu da sakinlərə əlavə narahatlıq yaradıb: "Əgər bu şirkətin maliyyəsi yoxdursa, yaxud azdırsa, o zaman binanın keyfiyyətətinə şübhə ilə yanaşmağa məcburuq. Ehtiyat edirik ki, sabah faciəvi olaylarla üzləşə bilərik”.

Onlar binanın keyfiyyətinin yoxlanılması üçün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət ediblər: "Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsi bu məsələni ciddi şəkildə araşdırmalıdır. Biz həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Bilmək istəyirik ki, bizim ödədiyimiz pullar hara gedib ki, tikinti şirkəti maliyyə çatışmazlığından danışır”.  

Sakinlər sonda əlavə edib ki, aylardır kirayədə yaşayırlar, paralel olaraq kredit ödəyirlər: "Hələ ötən ilin iyununda binanın təhvil veriləcəyi vəd olunmuşdu. Artıq bir il keçir və binada heç bir iş görülmür.

Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsindən, Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edirik ki, "Sahil - S İnşaat” MTK-nın fəaliyyətini araşdırsınlar”.

"Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur. 

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir. Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb. O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook