SON XƏBƏR

Salyanda bədənində qəlpələr olan qaziyə küçə təmizlətdirirlər - ŞİKAYƏT

İyun 17
12:25 2021
"Evə mənim 236 manatlıq maaşımdan başqa heç bir pul gəlmir”

İkinci Qarabağ döyüşlərində iki dəfə yaralanmış Rəşad Şahverdiyev müharibədən sonra ona qarşı diqqətsizlikdən gileylənir. Salyan sakini heç bir orden və medalla təltif olunmadığını, hətta veteran vəsiqəsini belə, əldə edə bilmədiyini deyir.

"Yaralanıb on gün meşədə ac-susuz qaldım”

Rəşad Şahverdiyev hələ Tovuz hadisələri zamanı orduya könüllü yazılıb. 2020-ci il sentyabrın 21-də onu təlimə çağırıblar. Müharibənin ilk günlərində yaralanıb:
"Əvvəl Füzulidə, sonradan Qubadlıda, Hadrutda, Cəbrayılda, Daşaltıda vuruşdum, hətta Şuşada da oldum. Füzulidə artilleriya zərbəsindən sonra neçə qəlpə yarası aldım. Sentyabrın 29-u idi. Bədənimə, üzümə, qaşımın üstünə, qulağıma qəlpə dəymişdi. Hospitalda on gün yatıb döyüşlərə qayıtdım. İkinci dəfə Daşaltıda yaralandım. On gün meşədə ac-susuz qaldım. İtkin sayılırdım. Evdə elə bilmişdilər ki, şəhid olmuşam. Məni müharibə bitəndən sonra, noyabrın 17-də tapdılar”.

Müharibə iştirakçısına veteran vəsiqəsi ala bilməməsi çox təsir edir. Rəşad Şahverdiyev deyir ki, böyük yol keçib, təltif olunmaması da haqsızlıqdır:

"Sığorta pulunu da kəsdilər. Mənə çox düşməlidir, cəmi 550 manat verdilər. "Papanin”də (Mərkəzi Hərbi Hospitalı nəzərdə tutur-red.) dəqiqləşdirmişdim, 1500 manat verilməliydi. Şuşada şəkillərim də var. Yanımda Xalq artistinin oğlu şəhid oldu, döyüş meydanından mən çıxardım”.

"Deyirlər ki, xoşun gəlmirsə, çıx işdən”

Rəşad Şahverdiyev müharibədən sonra uzun müddət işsiz qalıb. Sonra Salyan Rayon İcra Hakimiyyətinə müraciət edib, ona yerli Yaşıllaşdırma İdarəsində iş verilib. Amma müharibə iştirakçısı işindən çox narazıdır:

"Bir iş veriblər, bel əlimdə, küçə təmizləyirəm. Səhər saat 9-dan axşam 5-ə kimi ağac kəsdirirlər. Ağac yükləyirəm maşına. Arx təmizləyirəm. Günün altında çox dayana bilmirəm. Gedib deyirəm ki, işləyə bilmirəm, əvvəlki vəziyyətim olsaydı, öhdəsindən gələrdim. Cavab verirlər ki, xoşun gəlmirsə, çıx işdən. Sağlamlığım bərpa olunmayıb axı. Qəlpələr sümükdədi, çıxmır”.

Rəşad Şahverdiyev bu işə çarəsizlikdən razı olduğunu deyir. Çünki pulsuzluq onu çox əldən salıbmış:

"Mən yüngül iş istəyirdim. Vəziyyətim göz qabağındadır. İstənilən iş olsun. Biz də bir kasıb kişinin oğluyuq. Mən heç bir işi ayıb bilmirəm. Başa düşmək istəmirlər”.
 


Rəşad Şəhverdiyev

"Anam onkoloji xəstədi, ona da mən baxıram”

Müharibə iştirakçısına işlədiyi idarədə cəmi 236 manat məvacib nəzərdə tutulub. Rəşad Şahverdiyev ilk maaşını bir neçə gün əvvəl alıb:

"Ortada heç nə qalmayıb. Ərzağa pul çatmır heç. Bazar günü əlimə qırmaq götürüb balıq tutmağa gedirəm ki, bəlkə nəsə oldu, sonra sata bildim”.

Salyan sakini 2019-cu ilin dekabrında ailə həyatı qurub. Övladının doğulmasını gözləyir. Bir müddət sonra qayğıları daha da artacaq:

"Atamı itirmişəm. Anam və həyat yoldaşımla dədə-babadan qalmış köhnə evdə yaşayırıq. Anam onkoloji xəstədi, ona da mən baxıram. Evə mənim 236 manatlıq maaşımdan başqa heç bir pul gəlmir”.

Sosial şəbəkələrdə Rəşad Şahverdiyevi tanıyanlar onun haqqınla paylaşımlar edib, amma kömək edən olmadığını deyir. Müharibə iştirakçısı indiyə qədər yaşadığı rayonda cəmi bir nəfərin ona əl tutduğunu bildirir:

"Qohum-əqrəbaya uzağı bir dəfə ağız açarsan. İcra hakimiyyətinin yaxınlığında yaşayıram, burdan-bura gəlib xəbər bilmirlər. Mən dərmanlar qəbul eləməliyəm. Müharibədən sonra getdim icra hakimiyyətinə, vəziyyəti danışdım. Çıxarıb 30 manat pul verdilər. Halbuki dərmanlar ümumilikdə 260 manat pul tuturdu. İmkansızlıqdan müalicə oluna bilmirəm. Həkim demişdi ki, mütləq dərman qəbul eləməlisən, çünki travmalısan, böyük stress yaşamısan. Gecələr yata bilmirəm. Heç kimin yadına düşmürəm”.

İcra hakimiyyəti: "Bizdən nə asılıdırsa, edirik və edəcəyik”

Salyan Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Kərimov Meydan TV-yə bildirib ki, bütün müharibə iştirakçılarına diqqət göstərməyə çalışırlar: "Mən özüm də müharibə iştirakçısıyam. Onları yaxşı anlayıram. Rəşad Şahverdiyevə minimum əməkhaqqı verilir. Bilirsiniz, işə razılıq veribsə, işləmək lazım gəlir. Başa düşürəm, əziyyətli tərəfləri var. Böyük ehtimalla, iyunun 26-da Silahlı Qüvvələr Günündə o da təltif olunacaq. Müalicə üçün isə YAŞAT fonduna müraciət etməlidi. Özüm də döyüşçü olduğumdan, yanıma gələnlərə kömək edirəm ki, fondla əlaqə yaratsın. Həmin müharibə iştirakçısı gəlsin, lazımdısa, icra başçısı ilə də görüşdürək. Bizdən nə asılıdırsa, edirik və edəcəyik”.
 


"Məni müharibə bitəndən sonra, noyabrın 17-də tapdılar”.
 
Mənbə: Meydan TV
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook