SON XƏBƏR

Şamaxı sakinləri: “Şamaxını əvvəlcə zəlzələ dağıtdı, sonra da Tahir Məmmədovun komandası”

Dekabr 28
01:53 2021
2018-ci ildə Tahir Məmmədov Şamaxıya icra başçısı təyin olunanda rayon sakinləri böyük ümidlərə qapıldılar. Necə də olsa da, gənc kadr idi, indiyə qədər haqqında mənfi obraz formalaşmamışdı və ən əsası Prezident etimad göstərərək yüksəs vəzifəyə təyin etmişdi. Camaat inanırdı ki, tezliklə Şamaxının yığılıb qalan problemləri öz həllini tapacaq, bu qədim diyarın da üzərinə gün işığı düşəcək. "Bir küçəsi abad” olan qədim Şamaxının da abadlaşacağı günü gözləyən sakinlərin elə gözləri yolda qaldı. İndi isə şamaxılılar deyir ki, "Şamaxını əvvəlcə zəlzələ dağıtdı, sonra da Tahir Məmmədovun komandası”…

Pia.az-a Şamaxıdan dazil olan məlumatda bildirilir ki, icra başçısı təyin olunandan sonra yerli kadrlara qarşı savaş açan T.Məmmədov öz adamlarını ən strateji postlara təyin etməklə rayonda bütün sahələrə nəzarəti ələ keçirdi. Yerli şəraitə bələd olmayan, camaatla adicə ünsiyyəti düzgün qura bilməyən "kabinet məmurları” şamaxılılara qan uddurmağa başladılar. Evini zəlzələdə evləri dağılanları bir də məmurlar incitməyə başladı.

Şikayətçilər qeyd edirlər ki, Şamaxı zəlzələsindən sonra rayonda əsl "korrupsiya zəlzələsi” başlanıb. Belə ki, dövlət tərəfindən ayrılmış vəsaitlərin talanması yetmirmiş kimi, evlərinə ziyan dəyənlərdən təmir işləri ilə bağlı pul yığılmasına start verildi. Cənab Prezident tərəfindən ayrılmış vəsait sağa-sola xərclənərək inşa olunan mənzillər "açıq” şəklində qanunsuz satılıb. Hətta dərəbəylik o həddə çatıb ki, istənilən şəxs babat "şirinlik” verdikdə siyahılara əlavə olunaraq evində təmir işləri aparılır. "Şirinlik” yaxşı olanda isə hətta yeni ev belə tikilir. Bütün bu qanunsuz işlərə isə Tahir Məmmədovun ən yaxın adamları rəhbərlik edir.

Şikayətçilər bildirir ki, Şamaxı rayonunda infrastruktur bərbad vəziyyətdədir. Adi halda yağış yağan kimi bir çox küçələr keçilməz vəziyyətə düşür. Yollar çox bərbad vəziyyətdədir, düzəlməsi isə deyəsən, heç gündəmdə deyil. Rayon mərkəzində işiq və qaz saatlarla verilmir və bu şikayətlərə baxan da yoxdur. Yayın günündə su günlərlə gəlməyə bilər, heç kimə bunun səbəi ilə bağlı izah verilmir və heç kim də tənbeh olunmur.

Rayon mərkəzində küçələri zibil basıb. Bu gün zibil, tullantı qalaqla qapılarda qalıb iylənir, küçələri üfunət iyi basıb…

Cənab Prezidentin Şamaxıya məişət tullantılarının atılması üçün xüsusi maşınlar ayırmasına baxmayaraq, ayda cəmi bir-iki dəfə zibil atılır. Yeni verilmiş maşınlar yönəldilib Çuxuryurd, Nağaraxana istiqamətinə, çünki istirahətə gələnlər zibil atılmasına yaxşı pul verir və bu təmiz gəlir olaraq Tahir müəllimin ixtiyarındadır..
Bu hələ rayon mərkəzində olan vəziyyətdir, kəndlərdə vəziyyət daha acınacaqlıdır və kəndlər haqqında heç danışmağa da dəyməz. İşlədiyi müddətdə Tahir Məmmədov bəlkə cəmi bir dəfə hər hansı bir kənddə olub, mövcud problemlərlə bağlı isə ümumiyyətlə heç bir iş görülməyib.

Şikayərçilər qeyd edirlər ki, Şamaxıda digər bir ağrılı problem isə işsizlikdir. Əvvəllər əhalinin çox hissəsi dolanacaq üçün Rusiyaya üz tutsa da, son zamanlar pandemiya səbəbindən bu da mümkün deyil. Aztəminatlı ailələrin cüzi dolanacaq mənbəyi kimi ictimai işlərin açılması, onların maaş kartları ilə təmin olunmasına baxmayaraq, Şamaxıda bu işlər də hamı üçün əlçatan deyil. Bildirilir ki, icra başçısının məsləhət bildiyi şəxslər həmin maaş kartlarını alırlar. Əgər lazımi strukturlar məsələni dərindən araşdırsalar, dəhşətli faktların üstünü aça bilərlər.

Sitat: "Bu gün Şamaxıda kütləvi narazılıq hökm sürür. Bütün sahələrdə total korrupsiya və rüşvətxorluq dərin kök salıb. İnsanların şikayətinə baxan yoxdur, narazılıq edənlər təqib olunur, incidilir. Bütöv bir rayon bir neçə şəxsin maraqlarına tabe edilib, özəl müəssisəsinə çevrilib.

Tahir Məmmədovun özünü toxunulmaz hesab etməsinin əsas səbəblərindən biri isə xüsusilə maraqlıdır. O hər yerdə özünü sırf Ramin Quluzadənin kadrı kimi təqdim edir, vəzifəyə məhz onun təqdimatı əsasında gəldiyini gizlətmir. Nəzərə alsaq ki, Tahir Məmmədov Ramin Quluzadənin nazir olduğu dönəmdə icra başçısı təyin olunmuşdu, onda bunu həqiqət olduğunu demək mümkündür. Bu gün Ramin Quluzadənin Prezidentin işlər müdiri olduğunu nəzərə alsaq, Tahir Məmmədovun özünü hansı prestijdə hiss etdiyini təsəvvür etmək çətin deyil.

Bax, özünü Prezidentin əsgəri adlandıran şəxslər yerlərdə bu əməllərlə məşğuldurlar. Prezidentin xüsusi diqqət yetirdiyi Şamaxıda baş verənlərdən yəqin ki, məlumatı yoxdur. Ona düzgün məlumat çatdırılsa aydın olar ki, rayonda sırf onun siyasətinə zərbə vuran əməllər törədilir. Lakin hələ ki, T.Məmmədov və komandası necə deyərlər, cidanı çuvalda gizlədə bilirlər. Amma bu çox davam edə bilməz. Həqiqətlər üzə çıxanda yəqin ki, əsl zəlzələ onda baş verəcək!”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook