SON XƏBƏR

Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet fəaliyyət istiqamətidir

May 05
17:18 2022
"Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır. Bu mənada, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əldə olunan nailiyyətlər və uğurlar isə bir daha bu siyasətin səmərəliliyindən xəbər verir. Xüsusən, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının diqqət mərkəzində saxlanılması, onların həyat səviyyəsinin yüksəldilməsi, mənzillərlə, avtomobillərlə, işlə təmin olunması istiqamətində mühüm addımlar atılır. Elə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin istifadəyə verilməsi bu kateqoriyadan olan əhaliyə göstərilən diqqət və qayğının əyani sübutudur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar Azərbaycanda sosialyönümlü dövlət modelinin formalaşdığını deməyə əsas verir: "Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub, mənzil proqramı 5 dəfə genişləndirilib. Belə ki, sözügedən kateqoriyadan olan insanlara 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Bütün bunlar isə bir daha isbatlayır ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet fəaliyyət istiqamətidir”.

"Cənab Prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib” – deyən, Ramil Vəlibəyov əlavə edib ki, bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook