SON XƏBƏR

Sərdar Cəlaloğlu: "Həcəri zorla ərə verməmişəm ki..."

Dekabr 15
18:36 2021
"Həcərin nəvələri məni məhkəməyə verib özlərini biabır etməsinlər, gedib arxivlərə baxsınlar”. 

Bu sözləri Qaynarinfo-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. 

Partiya sədri əlavə edib ki, onun Həcər haqqında söylədikləri böhtan deyil: "Həcər sağ deyil ki, mən ona böhtan atım, şərəf və ləyaqətini təhqir edim, yaxud işgüzar nüfuzuna xələl gətirim. Onun haqqında söylədiklərimi Qubadlıdan olan bir nəfər demişdi. Mən bu fikirləri səsləndirəndən sonra da qohumlarından biri təsdiqlədi ki, bəli məsələ belə olub. Gedib dövlət arxivinə də baxsınlar. Bu iddianı heç məhkəmə qəbul etməyəcək. Qəbul etsə, lap yaxşı, xalq həqiqəti biləcək”.

Partiya sədri qeyd edib ki, o, sadəcə, Həcərin Azərbaycan qadınının idealı kimi təqdim olunmasına etiraz edib: "Əlbəttə, hər bir qadın kimə istəyir, neçə dəfə istəyir ərə gedə bilər, bu onun şəxsi işidir. Mən sadəcə bildirmişəm ki, bu adam erməni ilə ailə qurub, bu gün də ermənilər bizim düşmənimizdir. İndi belə bir adamın Azərbaycan qadınına nümunə kimi göstərilməsi doğru deyil. Mən Babək, Koroğlu haqqında da sensasion fikirlər səsləndirmişəm. Onların qohumu yoxdur deyə, heç nə deyən yoxdur. Amma Həcər barədə fikirlərimə görə barəmdə söyüş yazırlar. Birini polisə şikayət etmişəm. Bunlar da təhqir və söyüşə keçsələr, eyni addımı atacağam. Məhkəməyə verirlər, özləri bilərlər. Amma Həcəri mən zorla ərə verməmişəm ki, məhkəməyə verirlər?!”

Sərdar Cəlaloğlu müsahibələrinin birində xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı Həcərin 7 dəfə ərə getdiyini, ailə qurduğu şəxslərdən ikisinin erməni olduğunu bildirib. 

Onun bu açıqlaması qalmaqala səbəb olub. 

Həcərin nəvələri Şükür Quliyev və Asif Talıboğlu "Səngər TV”nin efirində Sərdar Cəlaloğlunun iddialarının əsassız olduğunu deməklə yanaşı məhkəməyə müraciət edəcəklərini bildiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook