SON XƏBƏR

Statistika: Azərbaycan ən çox idxalı Rusiyadan edir

Sentyabr 13
16:01 2021
İqtisadçı: "Azərbaycan və Türkiyə qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyir”

Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 691 milyon dollar olub. Dövriyyənin 11 milyard 393 milyon dollarını ixrac, 6 milyard 298 milyon dollarını isə idxal təşkil edib.

Dövlət Gömrük Komitəsinin yaydığı xarici ticarətin gömrük statistikasında belə deyilir.

Məlumatda bildirilir ki, həmin dövr ərzində 5 milyard 95 milyon dollarlıq müsbət saldo yaranıb.

Azərbaycanın ticarət dövriyyəsindəki ölkələr arasında ilk yerdə İtaliya gəlir, ikinci Türkiyə, üçüncü Rusiyadır. Sonrakı yerlərdə Çin, İspaniya, Almaniya, Xorvatiya, Gürcüstan, İsrail, Ukrayna, Hindistan, Böyük Britaniya, Tunis, Portuqaliya və ABŞ-dır.

İxracda olan əsas ölkələr arasında da İtaliya ilk sıradadır. İkinci yerdə Türkiyə, üçüncü yerdə isə İspaniya gəlir. Sonrakı yerlərdə Xorvatiya, Rusiya, İsrail, Gürcüstan, Hindistan, Tunis, Portuqaliya, Böyük Britaniya, Ukrayna, Kanada, Almaniya və sonda Tailanddır.

Azərbaycan ən çox idxalı isə Rusiyadan edir. Bu sıralamanın ikinci yerində Türkiyə, üçüncüsündə isə Çin gəlir. Sonrakı yerlərdə Almaniya, Amerika, İtaliya, Ukrayna, İran, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Fransa, Braziliya, Hindistan və Belarusdur.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, xarici ticarət dövriyyəsinin strukturunun təhlili bir sıra məqamlara xüsusi yanaşmaya imkan verir: "Məsələn, Türkiyə Azərbaycan xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən, enerji məhsulları ixrac etdiyimizi nəzərə alsaq, o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13.5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dollar olması anlamına gəlir”.

İqtisadçı bildirir ki, Azərbaycan və Türkiyə qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyir.

Vüqar Bayramov deyir ki, bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti cəlb edir: "Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir”.

İqtisadçı əlavə edir ki, bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur: "Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycandan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar. Azərbaycanın qeyri-neft ixracatının 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşüb”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook