SON XƏBƏR

“Xaricdə təhsil” fırıldağı; daha 65 nəfərin diplomu tanınmayıb - abituriyentlər üçün SOS!

Avqust 04
09:13 2022
Hazırda ali məktəblərə qəbul dövrüdür. Bir qayda olaraq bu ərəfədə bəzi işbazlar, şirkətlər "Xaricdə yalnız attestatla təhsil” reklamları ilə az bal toplayan abituriyentləri cəlb edirlər.

Az bal toplayanlar aşağı, perspektivi olmayan ixtisasları, yaxud peşə məktəblərində oxumağı tərcih etmirlər, bunun əvəzində xaricdə, xüsusən Türkiyə, Rusiya, Qazaxıstan və sairə ölkələrdə yalnız attestatla özəl universitetlərdə təhsil almaq tələsinə düşürlər. Onlara əvvəldən vəd edilir ki, diplomun tanınmasında heç bir problem olmayacaq. Ancaq bu mövsümi şirkətləri, şəxsləri 4 ildən sonra - diplom alanda kimsə tapmır.

Nəticədə isə xaricdə bu cür oxuyanların bir çoxunun diplomları tanınmır. Bununla bağlı avqustun 2-də maraqlı statistika açıqlanıb. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə hesabat açıqlayıb. Hesabatda bildirilib ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfərin müraciəti qeydə alınıb.

Abituriyentlər, vətəndaşlar belə aqibətlə üzləşməmək üçün nə etsinlər? Öncədən necə bilmək olar ki, təhsil aldıqları xarici ali məktəbin diplomu tanınacaq, ya yox? Bunun mexanizmi varmı?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı bunları dedi: "İnsanların etibarından sui-istifadə edərək onların etibarını qazanıb övladlarının gələcəyinə ciddi problemlər yaradırlar. Bu baxımdan mütləq şəkildə maarifləndirmə işləri aparılmalıdır. Əksər insan aldadıldığının fərqində deyil, xəbərləri yoxdur. Təəssüf ki, özəl telekanallar bu məsələdə özlərini mənfi tərəfdən göstərməkdədir. Bir çox hallarda o işbazlar onların verilişlərinə sponsorluq edərək ekranlarda yer alırlar. Birbaşa televiziya vasitəsilə insanların qapısını döymədən evinə daxil olur, etibar qazanırlar. Açığı mən xəcalət çəkirəm, TV-lərdə insanların inamını oğurlayırlar. KİV bununla bağlı mütəmadi olaraq təbliğat aparmalıdır ki, sonrakı dövrlərdə ciddi problemlər yaşanmasın. Mən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iş prinsipi ilə tanışam, mütəmadi olaraq biz orada monitorinqlər aparırıq. Agentlikdə müsbət bir fəaliyyət qurulub. Qeyd edilən statistikada agentlik mənfi rəy verdi, diplomlarını qəbul olunmadığı şəxslərin çoxluğu da bundan irəli gəlir. Xaricdə təhsil adı ilə Azərbaycanda çox şirkət fəaliyyət göstərir. Xüsusilə bunların bazarını təşkil edən Dövlət İmtahan Mərkəzi xətti ilə bal yığmayan, keçid balını toplamayan abituriyentləri hədəf seçirlər. Xidmət müqabilində, tutaq ki, attestat adı altında ”qəbullar" aparırlar. Əksərən Gürcüstan, Ukrayna, Rusiya, Kipr, Türkiyədə belə universitetlər var. Bu universitetlərdə tələbələrə tələbə bileti verilir. Faktiki olaraq onların 4-5 ilini alırlar".

İ. Orucov qeyd edib ki, bununla bağlı çoxlu sayda şikayətlər daxil olur: "Bizə də şikayətlər daxil olur, araşdırırıq ki, adam Ukraynada oxuyub, amma Ukrayna dilində heç nə bilmir. Gürcü dilində təhsil alır, amma gürcü dilini bilmir. Oxumaq üçün ən azı C 1 səviyyəsində insan o dili bilməlidir. Çünki tələbə oxuduğu dövrdə akademik biliklər alır, oxuduğu ölkənin dilini C 1 səviyyəsində bilməlidir, amma heç A 1 səviyyəsində də bilmir. Deməli, ortaya çıxır ki, tələbə oxumayıb. Sadəcə, 4-5 ilini təhsil haqqını ödəməklə keçirib, ”diplom" alıb. Əlbəttə, Türkiyənin nüfuzlu müəssisələri var, amma onlar beynəlxalq imtahan nəticələrinə əsasən tələbələri qəbul edirlər. Attestatla qəbul aparan universitetləri tələbənin sonrakı aqibəti maraqlandırmır. Bəzən valideynlər xəbərdar olurlar, amma nəyəsə ümid edirlər, kiminsə vədlərinə inanırlar, amma dörd ildən sonra şirkət sözünə əməl etmir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu cür saxta diplomları tanımır. Tələbə qalır məhkəmələrdə, diplomu təsdiq etdirə bilmir, əmək bazarında iş tapa bilmir. Valideynlər, abituriyentlər diqqətli olmalıdırlar. Övladlarını göndərməsinlər, bu böyük bir biznesdir. Azərbaycandan böyük bir pul axınıdır, insanların büdcəsinə girmək deməkdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi çox düzgün bir yanaşma tətbiq etdi, Ukraynanın 11 belə universitetini qara siyahıya saldı. Çünki onlar diplom satmaqla məşğuldurlar. Agentlik ən azı bu yolla valideynləri ayıltmağa çalışır. Heç olmasa, bu siyahıda olan universitetlərə uşaqlarını göndərməsinlər. Hətta burada da "diplomu təsdiq etdirəcəm” deyə valideynlərə vədlər verən təhsil şirkətləri var. İnanmasınlar. Azərbaycanda bu istiqamətdə xeyli boşluqlar var". Dia.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi də "Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə açıqlayıb: "Bu cür diplomlar qeyri-qanuni olduğu üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır. Müəyyən dələduz şəxslər var ki, vətəndaşlara təfsilatı ilə məlumat vermirlər. Sadəcə, onlardan müvafiq ödəniş alıb, gələcək taleyi ilə maraqlanmırlar. Düzdür, burada daha çox dövlət qurumları bu diplomları sorğulayır. Amma özəl müəssisələrdə həmin şəxslər çalışa bilirlər. Bu da bir müddət davam edir. Məsələ üzə çıxdıqdan sonra xitam verirlər. Yaxşı olar ki, valideynlər bununla bağlı araşdırma aparsınlar. Hansı universitetlər tanınır-tanınmır, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən öyrənə bilərlər. Onların ümumi təqdim etdiyi siyahı saytlarında (https://www.tkta.edu.az/) öz əksini tapır. Diplomun tanınması ilə bağlı vətəndaşlar üç mərhələdən keçməlidirlər. Xüsusi olaraq onların dil bilgiləri yoxlanılır, iddia etdikləri ixtisas yoxlanılır, qiyabi, ya da distant təhsil alıblarsa, o tanınmır. Əyani təhsil olanda da ölkədən giriş-çıxış tarixləri vətəndaş pasportunda öz əksini tapmalıdır. Bu kriteriyalara cavab verildiyi zaman təbii ki, diplomlar tanına bilər”.

Ekspert valideynlərə çağırış edib: "Valideynləri bu məsələdə diqqətli olmağa çağırıram. Mövsümi işbazlar var. Həmin şəxslərə qətiyyən müraciət etməsinlər. Çalışsınlar dövlət xətti ilə təhsil alsınlar. Qanuni qaydada imtahan verib təhsil alsın. Çünki gec-tez onlar müəyyən şirkətlərin qurbanına mütləq çevriləcəklər”.

Qeyd edək ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 1281 nəfər Azərbaycan vətəndaşı müraciət edib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, ən çox qəbul sənədi təqdim edilən ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Kanada, İtaliya yer alır. Hazırda proqrama müraciət edən namizədlər üçün müsahibə mərhələsi davam edir. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu iyulun 15-dək aparılıb. Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2 min nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook