SON XƏBƏR

Növbəti korrupsiya qalmaqalı - nazir canını qurtara biləcək mi?

May 02
17:22 2020
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən korrupsiya haqqında materiallar dərc etməyə davam edir. Məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aiddir.

Araşdırmanın Azərbaycanda Rəhimovun şirkətində işləyən əcnəbilərin dəhşətli əmək və həyat şəraitindən bəhs edən birinci hissəsi dərc edilib.

Araşdırmanın ikinci hissəsində müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor SerbAz şirkətinin fəaliyyəti ifşa olunur.


 
2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi "Buta Palace" sarayının və "Baku-Expo" sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.

"Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib", deyə araşdırmada qeyd edilir.



Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. OCCRP-nin çoxillik araşdırması göstərib ki, SerbAz-ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

SerbAz-ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan İtalDizain-lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü İtalDizain-in direktoru olub.

2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün SerbAz-la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb.



Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin "mürəkkəb konfiqurasiyaya və memarlığa" malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş "müasir materiallar" lazım olması, buna görə "bu sahədə böyük təcrübəsi olan" operator lazım olması ilə izah edib.

Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl SerbAz heç mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar.

İlk yenidənqurmadan sonra SerbAz Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb. O, bu məktubda rəhbərlik etdiyi nazirliyin SerbAz-la əməkdaşlığının səbəblərini izah edir.

2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər - "Səadət Sarayı"nın bərpasında (20,9 mln. dollar) və Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin tikintisində (38,8 mln. dollar), həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihədə işləyib.

SerbAz-ın digər layihələri arasında "Buta Palace", "Baku Expo" sərgi mərkəzi və 28 Mall olub.

Azad Rəhimovun SerbAz-la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda o, SerbAz Design and Construction adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan Acora Business firmasına məxsusdur.

Digər SerbAz Niderlandda SerbAz Property kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın Creacon Constructioan şirkətinin SerbAz-dan tikinti işlərini aldığını müəyyən ediblər.

2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən Creacon-un iki səhmdarından biri İtalDizain Group-dur.

İtalDizain bu gün böyük holdinq-şirkətə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə Cartier-dən Baccarat-a qədər premium sinfi butiklər daxildir.

Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv İtalDizain saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin SerbAz-ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il SerbAz işçilərinə qarşı amansız rəftardan bəhs edilib.

Jurnalistlər korporativ hesabatlar vasitəsilə İtalDizain-in Lüksemburqun Argulux şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur.

SerbAz-ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq SerbAz-ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb.

2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən SerbAz-ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çemodanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb.
 
Eyni zamanda, offşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib.

Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da SerbAz-a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 mln. dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 mln. dollar ödəyib.

OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin SerbAz-a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib.

Azad Rəhimov OCCRP-nin araşdırmanın nəticələrini şərh etmək təklifi yer alan sorğularına cavab verməyib. 

Mənbə: Turan.az

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook