SON XƏBƏR

Ermənistan Arazdəyəndə zavodun inşası ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu bildirib

Noyabr 06
16:09 2023
Ermənistanın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında 16,500 kvadratmetr sahədə, illik istehsal gücü 108,000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən 3 iyun 2023-cü ildə sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

APA xəbər verir ki, Ermənistan 1991-ci il BMT-nin Avropa İqtisadi Komissiyasının "Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”nın (bundan sonra – "Konvensiya”) 3.1-ci bəndinə əsasən, sərhədyanı zonada tikiləcək metallurgiya zavodu barədə təsirə məruz qala biləcək ölkə kimi Azərbaycanı rəsmi xəbərdar etməyə və Konvensiyanın 5-ci bəndinə əsasən Azərbaycanla müvafiq məsləhətləşmələr aparmağa dair öhdəliklərə malikdir.

Bu xüsusda qeyd edilməlidir ki, sözügedən fəaliyyət Konvensiyasının 1-ci əlavəsində transsərhəd təsiri gözlənilən fəaliyyətlərin siyahısına daxildir. Lakin Ermənistan tərəfindən mövcud olan kommunikasiya kanalları vasitəsilə Azərbaycana bu barədə hər hansı rəsmi bildiriş verilməyib və Azərbaycanla məsləhətləşmələrə başlanılmayıb.
Məlumat mətbuatda açıqlanan zaman Azərbaycan tərəfindən məsələyə operativ reaksiya verilib və Ermənistan tərəfinə məktub ünvanlanıb. Məktubda Ermənistandan Konvensiya üzrə öhdəliklərinə əməl edilməsi, layihənin zərərli transsərhəd təsirlərini müəyyən etmək məqsədi ilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb edilib.

Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəlikləri pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi bildirilib və Azərbaycanın məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və zavodun tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələbləri rədd edilib.

Bunu nəzərə alaraq, cari ilin sentyabr ayında Azərbaycan Konvensiyasının 3.7-ci maddəsinə və 4-cü Əlavəsinə əsasən məsələnin araşdırılması üçün BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlayıbr. Müraciətdə Katiblikdən təcili olaraq zavodun transsərhəd təsirini müəyyən etmək üçün təhqiqat komissiyasının yaradılması, ətraf mühitə təsir müəyyən edilənədək zavodun inşasının dərhal dayandırılması üçün Ermənistana müraciət edilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və mümkün təsirlərin azaldılması tədbirləri daxil olmaqla, inşaatla bağlı mümkün məlumatların əldə edilməsinə Azərbaycana köməklik edilməsi xahiş edilib. Müraciətin surəti Ermənistan tərəfinə də müvafiq qaydada çatdırılıb.

13 oktyabr 2023-cü il tarixində icraçı katib adından Azərbaycan tərəfinə cavab məktub ünvanlanıb. Məktubda Ermənistanın müzakirələr aparmağa, ətraf mühitə təsir və layihə sənədlərinin təqdim edilməsinə dair öhdəliklərinin olduğu təsdiq edilib.

Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 31 oktyabr 2023-cü il tarixində Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook