Azərbaycan və Gürcüstan: Tarixi Əlaqələrdən Strateji Tərəfdaşlığa

Fevral 03
11:06
2025
Azərbaycan və Gürcüstan arasındakı əlaqələr qədim tarixi köklərə dayanır. Əsrlər boyu mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşayan iki xalq, bu ənənəni müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə çatdırmışdır. Hər iki ölkənin dövlət rəhbərlərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi dialoqları bu münasibətlərin daha da möhkəmlənməsinə töhfə vermişdir.
Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşı olaraq, bu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırmışdır. Bu sərmayələr, Gürcüstan hökumətinin sərmayə cəlb etməkdə uğurlu siyasətinin və ölkədə yaradılan müsbət sərmayə mühitinin nəticəsidir. Eyni zamanda, Azərbaycan investorları Gürcüstana böyük həvəslə sərmayə qoymağa davam edir.
İki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətə malik layihələr yalnız Azərbaycan-Gürcüstan əməkdaşlığını gücləndirmir, həm də Avropa və Asiya arasında enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında mühüm rol oynayır. Azərbaycan qazı Gürcüstan vasitəsilə 11 ölkəyə ixrac edilir və bu qazın 80%-dən çoxu Gürcüstanın enerji ehtiyaclarını təmin edir.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə bir-birinin milli maraqlarını daim dəstəkləyir və beynəlxalq arenada bir-birinə dəstək göstərir.
Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur və bu əməkdaşlıq ikitərəfli münasibətlərin qanunvericilik səviyyəsində daha da möhkəmlənməsinə xidmət edir. Bu günə qədər iki ölkə arasında 123 rəsmi sənəd imzalanmışdır ki, bu da münasibətlərin hüquqi bazasının güclü olduğunu göstərir.
Azərbaycan və Gürcüstanın əməkdaşlığı, yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edən bir nümunədir. Enerji, nəqliyyat, iqtisadi, müdafiə və mədəni sahələrdə əməkdaşlıq hər iki xalqın rifahını artırmağa yönəlib. Bu strateji tərəfdaşlıq əsasında hər iki ölkə gələcəkdə də birgə səylərlə daha böyük uğurlara imza atmağa davam edəcəkdir.
Millət vəkili Rövşən Muradov
İnterPosta.info