SON XƏBƏR

Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

May 08
19:06 2024
Qusarda meşədə ağacların kəsilməsi ilə bağlı bir ekofəalın sosial şəbəkədə paylaşdığı videogörüntülər müzakirələrə səbəb olub. 

Ekofəallar qeyd edirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 hektar ərazinin sotunu 3 min manat satıb. 

Ərazidə ağaclar nömrələnib və artıq bir çox ağac kəsilərək kötüyü də çıxarılıb. 

Sıx meşəlik olan ərazinin bir hissəsinin necə "təmizləndiyi" aydın görünür. 

İddia olunub ki, bu ərazini alan şəxs ev tikintisi üçün hazırlıq görür. 

Ekofəallar "Facebook"dakı "Ecofront" səhifəsində yazıblar: "Dünən Qusar şəhər meşəsində olduq. Apardığımız müşahidələr əsasında 4200+ iri diametril ağacın kəsim üçün nömrələndiyini aşkar etdik (xəritədə qırmızı ilə işarənmiş hissələr). Nömrələnmiş ağaclar şəhərin iki hissəsində var (şimal və qərb). Qərb istiqamətindəki meşədə 3 yerdə (sarı işarə) qırıntı olduğunu müəyyən etdik. Ağaclar kəsilib və köklərindən çıxardılaraq meşənin içərisində gizlədilib. Qırıntının olduğu birinci yerdə artıq tikinti işlərinə başlanılıb.  Bizdə olan məlumata görə Qusar rayonundan 22.3 hektar meşə fondu torpağı Qusar Bələdiyyəsinə ev tikmək üçün ayrılıb. ETSN rəsmi razılıq verib. Əvəzində 30 hektar boş torpaq sahəsi alıb. Elə 30 hektarda tiksinlər də. Kimsə meşənin içində özünə villa tikmək istəyirsə, buna meşə çatdırmaq olmaz".
 
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Sitat.info"ya deyib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və Nazirlik tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb: "Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023- cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi  nəzarətə götürülüb".

"Ecofront"un üzvü və ya ekoaktivist  Kənan Xəlilzadə nazirliyin açıqlamasını absurd hesab edib.  

O bildirib ki, 2024-cü ilin yanvar ayında ağacların kəsildiyi zaman əraziyə gələrək durumu videolentə alıblar. Ağacları kəsdirən şəxs aparılan işlərin qanuni olduğunu, aidiyyatı qurumlardan icazə sənədinin aldığını bildirib.

İbrahimova əlavə olaraq bildirib ki, son iki ayda Qusar meşəsində ümumiyyətlə ağac kəsilməyib. 

Təəssüf ki, ekofəalların bu gün "Sitat.info"ya göndərdikləri fotolarda vəziyyət fərqlidir. 

Artıq ərazidə tikintinin başladığı və bünövrənin qoyulduğu aydın görünür.

Nazirlik əməkdaşları deyildiyi kimi, dünən və bu gün ərazidə olublarsa, o zaman bu tikintini necə gözdən qaçırıblar? 

Məlumatda tikintinin təyinatı ilə bağlı da heç bir informasiya yer almayıb. 

İ.İbrahimova tikinti məsələsinə münasibət bildirərkən, ərazinin meşəya aid olmadığını və bu məsələnin Nazirliyə aidiyyatı olmadığını bildirdi. 

Ekofəallar dövlət başçısına da müraciət ünvanlayıblar. Müraciətin mətnini təqdim edirik: 

"Cənab Prezident,

Yazıb sizdən xahiş edirik ki, Qusar şəhərinə bitişik unikal meşə ərazisinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin korrupsiya əməllərinin qurbanı olmasının qarşısnı alasınız. COP29 və Yaşıl Həmrəylik ilində bunu edənlər müstəsna həyasızlıq göstərirlər.

Cənab Prezident, biz sizin dəyərli vaxtınızı almamaq üçün, belə xırda bir məsələdən ötrü sizi narahat etmək istəməzdik. Təəssüflər olsun ki, son 20 ildə qurduğunuz hökümət strukturu bu cür xırda məsələlərin belə öhdəsindən gələ bilmir. Məsələni dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq artıq bir ildən çoxdur ki, bu meşənin taleyi naməlum olaraq qalır. Bu günlərdə yenidən ağacları kəsib, kötüklərini yerindən çıxarıb gizlətməyə başlayıblar. Biz artıq bu dəfə çarəsizlikdən sizə müraciət edirik". 
 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook