SON XƏBƏR

Sevda Sultanova AKİ-nin İdarə Heyətinə üzv seçilib

Mart 07
14:14 2024
Kinoşünas Sevda Sultanova Azərbaycan Kinematoqrafiya İttifaqının İdarə Heyətinin üzvü seçilib. 

Sevda Sultanova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (hazırda Prezident yanında İdarəçilik Akademiyası) Sosial idarəetmə və menecment fakültəsini bitirib. 

Müxtəlif vaxtlarda "525-ci qəzet”də, Kulis.az və AzLogos saytlarında kino, televiziya və mədəniyyət sahəsinə aid publisistik və analitik yazıları ilə çıxış edib. "Fokus” analitik kino jurnalının və kinoyazar.az saytının daimi müəlliflərindən biridir. 

"Azərbaycan kinosunda qadın obrazı”, "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi”, "Azərbaycanda kommersiya kinosu”, "Hərb və kino” mövzusunda, həmçinin, kinorejissor Oktay Mir-Qasımın yaradıcılığı ilə bağlı araşdırmaların, "Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının müəllifidir. Bundan başqa, dövri mətbuatda, saytlarda milli və xarici filmlərlə bağlı onlarla resenziya, tənqidi məqalə qələmə alıb, müxtəlif layihələrdə kino eksperti qismində çalışıb. "BBC Culture” tərəfindən dünyanın 52 ölkəsinin kino tənqidçisi arasında keçirilən sorğularda ölkəmizi təmsil edib. Kino haqqında bəzi araşdırma və məqalələri ingilis dilində yayımlanıb.

Sevda Sultanova "Seçim” sənədli, "Geçikmə” bədii-sənədli, "Köhnə çamadanlar” bədii filminin ssenari müəllifidir.

2003-cü ildə televiziya haqda tənqidi yazılarına görə "Yeni nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Media açarı” mükafatına, 2015-ci ildə  mədəniyyət sahəsində peşəkar yazılarına görə Azərbaycan Jurnalistlər Biriyinin Həsən bəy Zərdabi mükafatına layiq görülüb. 2020-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoşünaslıq sahəsindəki fəaliyyətinə görə mükafata layiq görülüb. 

Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının milli və xarici film baxışları layihəsinin moderatorudir. Eyni zamanda Azərbaycan Dövlət Kukla Teatrında redaktor vəzifəsində çalışır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook