SON XƏBƏR

Ssenari müsabiqəsi elan edildi, mükafat fondu açıqlandı

Mart 01
08:30 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı və A.M.Qorçakov adına Kütləvi Diplomatiyaya Dəstək Fondu "Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsi elan edib.

Qlobal.az kult.az-a istinadən xəbər verir ki, müsabiqənin məramı ötən illərdən bu günədək Rusiyada yaşayan görkəmli azərbaycanlıların həyat və fəaliyyəti, mədəniyyət, incəsənət, elm, texnika, ictimai və istehsal sahələrində əldə etdikləri nailiyyətlər haqqında geniş tamaşaçı auditoriyasına bir daha və ən əsası fərqli baxış bucağından məlumat vermək, həmçinin kinematoqrafçıların sənədli film istehsalında maraqlılığını artırmaqdır.

A.M.Qorçakov adına Kütləvi Diplomatiyaya Dəstək Fondu 2010-cu il fevralın 2-də Rusiya Prezidenti D.A.Medvedyevin sərəncamı ilə yaradılıb. Məqsədi kütləvi diplomatiyaya dayaq olmaq olan Fond Rusiya qeyri-höhumət təşkilatlarının beynəlxalq əməkdaşlıqda iştirakına təkan olmaq, həmçinin vətəndaş cəmiyyəti institutlarının xarici siyasət prosesinə fəal və təsirli şəkildə cəlb edilməsini gerçəkləşdirmək niyyətilə fəaliyyətini bir neçə istiqamət üzrə qurub.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri kinoesse, kinoportret, kinotədqiqat (xronometrajı 52 dəqiqədən çox olmayaraq) janrlarında təqdim edilə bilər.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.

Ssenariləri 2020-ci il martın 30-dək info@aki.az electron ünvanına göndərmək lazımdır.

Müsabiqəyə təqdim edilən ssenarilər müəllifə aid olmalı, orijinal olmalı və bu vaxtadək ekranlaşdırılmış ssenari olmamalıdır.

Ssenari ilə bərabər müəllifin iş haqqındakı xülasəsi də təqdim edilməlidir.

Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun başçılıq etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Birinci mükafat - 1500 azn.

İkinci mükafat – 1000 azn.

Üçüncü mükafat – 500 azn.

Əlavə məlumat üçün (012)5059533, (012)4371667 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook