SON XƏBƏR

“Biz pulsuz olduğumuz üçün, qızıma layiq olduğu elmi dərəcəni vermirlər”

May 17
09:36 2023
Bakı şəhəri, H.B.Əliyev küçəsi 6, mənzil 51-də yaşayan Məmmədova Xanım Bəylər qızı tərəfindən "Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
 
Şikayətçi iddia edir ki, qızı Nigar Məmmədovaya layiq olduğu elmi dərəcəni vermirlər. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu ixtisarla təqdim edirik:

"Hörmətli redaksiya!

Keçən ilin may ayında, qızımın dissertasiya müdafiəsi ərəfəsində Ali Attestasiya Komissiyasında mövcud olan iki korrupsiya tələsi haqqında bizə ətraflı məlumat verdilər. Dedilər ki, iddiaçıların hamısını bir nəfər kimi ekspert şuralarına çağırırlar və onları orada sındırıb, öz məqsədlərinə çatana kimi get-gələ salırlar. Ekspert şuralarına gələ bilməyən iddiaçılar üçün yalançı plagiat düzəldib, deyirlər "get gör neynəyirsən”.

Bu məlumatdan sonra, həmin tələləri ləğv etdirmək məqsədi ilə ölkəmizin Prezidentinə, Birinci vitse-prezidentə, Milli Məclisin sədrinə, Prezident Aministasiyasının rəhbərinə, Birinci vitse-prezidentin Katibliyinin rəisinə, DTX rəisinə, Baş Prokurora çoxsaylı müraciətlər etdim. Heç bir tədbir görülmədi.

Ali Attestasiya Komissiyasında qızımın dissertasiyasının təsdiqi bizə əvvəlcədən məlum olan ssenari üzrə getdi. Belə ki, qızımın dissertasiyasını 07.10.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim etdilər və 11.10.2022-ci il tarixdə qeydiyyata aldılar. 11.01.2023-cü il tarixdə dissertasiyaya baxılma müddəti bitdiyindən, qızımın müdafiə etdiyi Elmi Şuranın katibindən dissertasiya barədə soruşduq, o isə Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirdi ki, Ekspert Şurasının 16.01.2023-cü il tarixdə keçiriləcək iclasında qızımın dissertasiya işi müzakirəyə çıxarılacaq və qızımı bu iclasa dəvət ediblər. Soruşduq ki, bu nə cür dəvətdir, bizim xəbərimiz yoxdur? Dedilər ki, bu cənablar, Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərirlər.

14.01.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə qızımın xaricdə ikinci təhsil alması və onu Bakıya gətirdmək üçün bizim maliyyə vəsaitimizin olmaması barədə teleqram vurdum. 16.01.2023-cü il tarixdə qızımın Ekspert Şurasında iştirkının mümkünsüzlüyünü bilən kimi, onun dissertasiyasını plagiat yoxlanışına göndəriblər. Halbuki, plagiat yoxlanışı Ali Attestasiya Komissiyasının vəzifəsi deyil və bu qanunsuz hərəkətdir… Ən əsas da odur ki, iddiaçını tələyə salmaq üçün plagiat yoxlanışını müdafiədən qabaq deyil, dissertasiyaların təsdiqinin son mərhələsində aparırlar. Məqsəd iddiaçını "yükləməkdir”. Bu yükün ağırlığı, "Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” sərlövhəsi adı altında saytların birində dərc olunan yazıda qeyd edilib: "İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir…”.

30 min manatı biz haradan alaq? Bu açıqlamada yazılanlar əsasında demək olar ki, Ekspert Şuraları, əslində, qapalı əqli mülkiyyət hərraclarıdırlar. Pulun varsa, əqli mülkiyyətin olan dissertasiyanı özəlləşdirirsən, yoxdursa xoş getdin. Amma bu hərraclarda yığılan pullar dövlətə deyil, ciblərə gedir. Plagiat hoqqasının məğzi də bundan ibarətdir…

5.13.02.2023-cü il tarixdə Ali Attestasiya Komissiyası sədrinin müavini S.Cabarovun mənim qızıma göndərdiyi məktubunu bizə təqdim ediblər. 08.02.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubunda bu cənab bildirir ki, "Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 06.02.2023-cü il tarixli qərarı ilə iddiaçı Nigar Arzu qızı Məmmədovaya "Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 –"Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”.

Bu qərar gözlənilən idi. Qızımın müdafiəsindən əvvəl, bu ssenari ilə bizi tanış etmişdilər. Bu məktubu alandan sonra qızım, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanladı. Qızım mənə vəkalətnamə verdiyi üçün, mən də analoji müraciəti etdim və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərdim. Kollegiyanın qərarını bizə vermədilər. Bu günə kimi bizə bu qərarı vermirlər. Bir müddət keçəndən sonra qızımın elekrom poçtuna "palgiat faktları” barədə imzasız və möhürsüz sənəd göndərdilər. 04.03.2023-cü il tarixdə qızım bu "plagiat faktları”na yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərdi. Mən bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərdim.

Həyat yoldaşım göndərilmiş plagiat sənədini rus dilinə tərcümə edib, rus iqtisadçıları ilə müzakirə etdi və mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazıldı. Mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirmədilər. Halbuki, Ali Attestasiya Komissitasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmayıb. Mart ayının 17-də həyat yoldaşımı Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət etdilər. Həyat yoldaşım Mübariz müəllimdən təkidlə xahiş edib ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əssasız və mənasız olduğunu onlara sübut etsin. Həyat yoldaşımın bu xahişini nəzərə almadılar.

Sonra Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin qəbulunda olanda da eyni xahişi edib və xahişini yerinə yetirməyiblər. 17 aprel tarixində mənim həyat yolaşım, Ali Attestasiya Komissiyası sədrinin müavininin qəbulunda olmuş, orada bəyan etmişdir ki, bir gündən sonra Famil Mustafayevin qəbulunda olacaq və onun plagiat adlandırdığı faktların hansının üstünə barmağını qoysa, ona bu faktın plagiat olmadığını sübut edəcək. Bu söhbətin videosuna baxandan sonra, Famil Mustafayev mənim həyat yoldaşımı qəbul etməkdən imtina etdi və qızımın electron poçtuna onu 26.04.2023-cü il tarixdə Ekspert Şurasının iclasına dəvət barədə imzasız və möhürsüz məlumat göndərtdirdi. Biz bu adama başa sala bilmirik ki, subordinasiya baxımından aşağı orqan olan Ekspert Şurası Kollegiyanın qərarını ləğv edə bilməz…

Həyat yoldaşım Ali Attestasiya Komissiyasında qəbullarda olanda ona deyiblər ki, "Ekspert Şurasında qızınızın apelyasiya şikayətinə baxırlar və əgər gızınız verilən suallara Şura üzvlərinin xoşuna gələn cavablar versə, Kollegiyaya tövsiyyə edəcəklər ki, qızınıza elmi dərəcənin verilməməsi barədə çıxardığı qərarı ləğv etsin”.
 
Birincisi, mənim qızım apelyasiya şikayəti verməmişdir. O, "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 10.1. maddəsinə əsasən şikayət vermişdir.
 
Apellyasiya şikayətini Apellyasiya Şurasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar verə bilərlər. Ali Attestasiya Komissiyasında yaradılmış Apellyasiya Şurasının Əsasnaməsinin 1.1 maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komissiyanın qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.7-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”. Və həmin əsasnamənin 5.1.3. maddəsinə əsasən şikayətçinin şikayət ərizəsində onun VÖEN-inin göstərilməsi tələb olunur. Mənim qızım sahibkar deyil, onun VÖEN-i yoxdur. Famil Mustafayev Ekspert Şurasını hətta Apellyasiya Şurası kimi qəbul etsə belə, qızımın verdiyi şikayət orada baxılmamalıdır. Çünki Ekspert Şurasının verdiyi tövsiyyə əsasında Kollegiya elmi dərəcənin verilməməsi barədə artıq qərar qəbul edib. Ya Famil Mustafayevin qanundan xəbəri yoxdur, ya da ki, şəxsi maraqları naminə özünü qanundan xəbərsiz kimi aparır. Çünki Azərbaycan Qanunlarına uyğun olmayan ekspert şuralarının əsasnaməsini, plagiat qaydalarını və s. düzədib, öz məqsədlərinə çatmaq üçün düşüblər iddiaçıların üstünə. Ekspert şuraları haqqında düzəltdikləri əsasnamədə, ekspert şuralarının vəzifələrindən biri "dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması”dır. "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də "şikayət " sözü var, "şikayət ərizələri (apellyasiyalar)” sözü yoxdur. Şikayət və apelyasiya şikayətinin fərqini mən yuxarıda izah etdiyim üçün, bir daha bu məsələyə qayıtmaq istəmirəm. Komissiyanın qərarından verilmiş şikayətin Ekspert Şurasında baxılmasının İnzibati İcraat haqqında Qanuna zidd olması da yuxarıda Qanunun maddələri ilə əsaslandırıldığından bu məsələyə bir də qayıtmıram.

Famil Mustafayev və onun əməkdaşları aşkarladıqları plagiat faktlarını mənim həyat yoldaşımla müzakirə etməkdən çəkinirlər. Hesab edirlər ki, plagiat faktları iddiaçı ilə müzakirə edilməlidir. Bu bəhanə də əsassız və qanunaziddir. Belə ki, "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə şikayətə inzibati qaydada "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu qanunun 79.1 maddəsinə əsasən, "İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir”. Həmin Qanunun İV fəslində yer alan 37.1 maddəsinə əsasən, "Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər”. Yəni bir daha bu məmurların Qanunları öz məqsədlərinə çatmaq üçün təhrif etdiklərinin şahidi oluruq.

Hörmətli redaksiya!

Elm, dövlətin texniki və texnoloji müstəqilliyinin əsasıdır. SSRİ dövründə Azərbaycan SSR yüksək elmi potensiala, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik idi. SSRİ dağılandan sonra keçən əsrin 90-cı illərində özəlləşmə adı altında sənaye müəssisələrini qəpik-quruşa özəlləşdirib, həmin müəssisələrin böyük əksəriyyətini dağıdaraq, İrana mettallom kimi satdılar. Bu özəlləşdirmənin iştirakçılarından biri Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev olmuşdur. Dağıdılan sənaye obyektlərindən biri və ən nəhəngi neft-kimya kompleksi olmuşdur. Mənim qızımın dissertasiyası bu kompleksin bərpasına və fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilib. Famil Mustafayev dağıdıcı fəaliyyətini davam etdirərək, bir vaxtlar dağıdılmasında iştirak etdiyi kimya kompleksinin bərpası və fəaliyyəti üçün əhəmiyyətə malik olan dissertasiyanın təsdiqinə imkan vermir. Al Attestasiya Komissiyasında mövcud olan qaunusuzluqlar və özbaşınalıqlar barədə mənim Azərbaycanın dövlət rəhbərlərinə etdiyim çoxsaylı müraciətlərin hamısı bloklanır. Heç bir tədbir görülmür.

Biz pulsuz olduğumuz üçün, qızıma layiq olduğu elmi dərəcəni vermirlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook