SON XƏBƏR

Çexiyada dərs deyən yeganə azərbaycanlı - Azər Kərimovun dosyesi

Dekabr 27
00:15 2021
Azər Kərimov 1951-ci il dekabrın 29-da Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulub. 1953-cü ildə ermənilərin öz doğma yurdlarından didərgin saldığı azərbaycanlılar arasında Azər Kərimovun da ailəsi olub. Həmin günlərdə ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşıb. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini fərqlənmə diploma ilə bitirib. Moskvaya gedənədək burada müəllim işləyib.

Moskvada aspirantura təhsili aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Bakıya qayıtdıqdan sonra Politexnik İnstitunda pedaqoji fəaliyyətini davam etdirib. Moskvada elmi işinin nəticələrinin tətbiqinə görə, elm-texnika sahəsində Azərbaycan SSR-in rəhbərliyi tərəfindən "Lenin komsomolu” mükafatı verilib. Azər Kərimov bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.

1983-cü ildə Moskva Texnologiya Elmi Tədqiqat İnstitutunda "Tikinti işlərinin texnologiyası və təşkili məsələlərində riyazi modellərin nəzəri və praktik tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini alıb. 1985-ci ildə isə elmi-tədqiqat sahəsində ali məktəb müəllimləri arasında keçirilən müsabiqənin qalibi olub. 1986-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda iki illik fransız dili kursunu bitirib.

1985–1987-ci illərdə Moskvada xarici dil kursu keçdikdən sonra Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilib. Bura gəldikdən sonra Slovakiya Texniki Universitetində pedaqoji fəaliyyətə başlayıb. Buradakı fəaliyyəti başa çatdıqdan sonra Slovakiya Texniki Universitetinin rəhbərliyi SSRİ-yə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət edib.

Azər Kərimov hazırda Çexiya universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir. 1990-cı ildən Çexiyanın ən qədim ali təhsil ocağı olan Maraviya Texniki Universitetində çalışır. Azər Kərimov Çexiya dövlət təhsil müəssisələri ilə MDB dövlətləri universitetlərinin əlaqəsini tənzimləyən koordinator-kuratordur. 1994-cü ildə Slovakiyada doktorluq dissertasiyasını müdafiə etdikdən sonra professor elmi adını alıb. 1995-ci ildə isə "İqtisadi cəhətdən əsaslandırılmış yeni texnologiyanın və əlverişli təşkilin nəzəri əsaslarının riyazi modellər əsasında hazırlanması” mövzusunu müdafiə edərək elmlər doktoru adına layiq görülüb.

Azər Kərimov Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzinin Avropadakı təmsilçisidir. Dünya Azərbaycanlılarını əlaqələndirmə şurasının üzvüdür. Dünya Azərbaycanlılarının 2016-cı ildə keçirilmiş IV Qurultayında iştirak edib. Avropa və dünyada Azərbaycan lobbiçiliyinin gücləndirilməsi sahəsində aktiv fəaliyyəti var. Altı xarici dil bilir.

1998-ci ildə Azər Kərimovun səyi və rəhbərliyi nəticəsində Maraviya Texniki Universitetinin nəzdində Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzi yaradılıb. O, bu mərkəzin rəhbəridir. Burada Çexiya, Macarıstan, Rusiya, Polşa, Belarus, Ukrayna və digər Avropa ölkələrindən olan elm adamları tədqiqat işləri aparırlar.

Azər Kərimov hər il bu fəaliyyəti çərçivəsində Çexiyanın bir sıra universitetlərinin rektorlarını və elm adamlarını Azərbaycana gətirir, tələbələrlə görüşlərini təşkil edir. Onun səyi nəticəsində məşhur çexiyalı alim, professor İvan Meznik və professor Frantişek Çapka Azərbaycana gələrək, ölkəmizin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar.

Azər Kərimov Çexiya-Azərbaycan münasibətlərinin inkişafına da müsbət töhfələr verir. İki ölkə arasındakı aktiv fəaliyyətinə görə Çexiya prezidentləri Vatslav Klaus, Miloş Zeman və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minnətdarlıq məktubu alıb.

Azər Kərimov erməni daşnaklarına qarşı vuruşmuş xalq qəhrəmanı Məşədi Qasımın nəvəsi, şair Qəmgin Fəzinin (Fəzi Kərimov) oğludur. Qardaşı Yasif Kərimov Birinci Qarabağ müharibəsində şəhid olub.

Mənbə: Teleqraf.com
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook