SON XƏBƏR

Məktəb millətin taleyinin yazıldığı ilk səhifədir – Çərkəz Məcid örnəyi

Yanvar 06
15:27 2026
"Hər millət öz məktəbində doğulur və öz məktəbində ölür.” Bu cümlə sadəcə bir aforizm deyil, bir millətin taleyinə yazılmış hökm kimidir. Çərkəz Məcidin təhsilə, elmə və gələcəyə baxışı məhz bu həqiqətin üzərində qurulmuşdu. O, təhsili diplom və vəzifə pilləsi kimi deyil, millətin varlığını qoruyan ən ali məqam kimi dərk edirdi. Onun üçün məktəb təkcə sinif otaqlarından ibarət məkan deyildi, vicdanın, məsuliyyətin, milli düşüncənin formalaşdığı müqəddəs ocaq idi. Bu baxış onun tək pedoqoji deyil, həm şeirinin, həm də publisistikasının əsas ideya xəttini təşkil edirdi.

Məktəb anlayışı onun düşüncəsində ideoloji bir qalaya bənzəyirdi. Bu qalanın divarları dərsliklə yox, müəllim vicdanı ilə hörülüb. Çərkəz Məcid yaxşı anlayırdı ki, milləti işğal etmək üçün tankdan əvvəl məktəbi ələ almaq lazımdır. Çünki məktəbi itirən millət yaddaşını, yaddaşını itirən millət isə gələcəyini itirir. Bu səbəbdən onun bütün yaradıcılığı bir növ maarifçi müqavimət idi.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulan Çərkəz Məcid üçün Vətən anlayışı yalnız coğrafi məkan deyildi. Torpaq onun yaddaşı idi, kimliyi idi, sözünün mayası idi. Bu torpağın yetirdiyi adamlar sakit görünər, amma içində tufan gəzdirər. Çərkəz Məcid də həmin tufanın səsini sözə çevirən nadir ziyalılardan idi. Onun şeiri də, publisistikası da bir mənbədən qidalanırdı – vicdandan. Bu vicdan onu susmağa yox, danışmağa məcbur edirdi.

Böyük Mərcanlı Çərkəz Məcid üçün yalnız bir kənd deyildi, bir mənəvi məktəb idi. Orada öyrəndiyi ilk dərs səssiz qalmağın yox, haqq tərəfdə dayanmağın dərsi idi. Bu torpaq ona sözün necə ağır yük olduğunu, amma susmağın daha ağır olduğunu öyrətmişdi. Buna görə də o, həyatı boyu bu yükdən qaçmadı.

Müəllim ürəyi sönməz bir mayak,
Ağıl yollarında alışar, yanar.

Bu misralar Çərkəz Məcidin öz həyatının portreti idi. O, müəllimliyi peşə yox, missiya hesab edirdi. Çünki onun üçün müəllim millətin taleyini əlində saxlayan insandır. O, bilirdi ki, müəllim sönərsə, millət qaranlıqda qalar. Bu səbəbdən onun üçün müəllim sözü müqəddəs anlayış idi.
 
Çərkəz Məcid müəllimi cəmiyyətin ən məsuliyyətli adamı sayırdı. Onun fikrincə, müəllim səhv edəndə bir insan yox, bütöv bir nəsil zərər görür. Bu düşüncə onu həm sərt, həm də prinsipial edirdi. O, müəllim vicdanının satılmasını millətin satılması ilə eyniləşdirirdi.

"Bəli, təhsil müəssisələri bir millətin ən mühüm qurumlarındandır. Çünki bir millətin ziyalıları da, siyasətçiləri də, mühəndisləri də, qısacası, bütün vətəndaşları məktəblərdə formalaşır və məktəblərdə yetişirlər.” Bu fikirlər Çərkəz Məcidin 1987-ci ilin dekabrında qələmə aldığı "Hüsnüxətt məsələsi üzərinə” adlı publisistik məqaləsində yer alır. Həmin yazı zahirdə tədris mədəniyyəti barədə olsa da, mahiyyət etibarilə milli düşüncənin, şəxsiyyət tərbiyəsinin və gələcək nəsillərin necə yetişdirilməli olduğuna dair ciddi bir ideoloji çağırış idi. O, yazıçı kimi deyil, müəllim vicdanı ilə danışırdı. Onun sözündə təkcə nəsihət yox, həm də məsuliyyət vardı ("vardı” yox, "var” məsləhətdir).

Bu yazı bir xəbərdarlıq idi. Çərkəz Məcid açıq şəkildə bildirirdi ki, təhsildə xırda görünən laqeydliklər gələcəkdə böyük mənəvi fəlakətlərə yol açır. O, məktəbdəki səhlənkarlığı dövlətə qarşı səhlənkarlıq hesab edirdi.

Onun şeirlərində də bu vicdanın səsi açıq eşidilir. "Millətim” şeirindəki fəryad bir şair emosiyası deyil, bir müəllimin, bir vətəndaşın hayqırtısıdır.

Qolu bağlı, dili bağlı millətim,
Talan mallı, sinə dağlı millətim.

Bu misralar xalqın halına tutulmuş güzgüdür. Çərkəz Məcid millətin ağrısını yazırdı, amma o ağrını romantikləşdirmirdi. O, səbəbi göstərirdi. Susqunluğu, biganəliyi, qorxunu hədəf seçirdi. Bu şeir həm etirafdır, həm də ittiham.

O, milləti sevirdi, özü də kor-koranə yox. Sevgi onun üçün həqiqəti demək idi. O bilirdi ki, yalan təsəlli milləti xilas etmir. Xilas yalnız acı həqiqətlə mümkündür.
Onun təhsil fəlsəfəsinin mərkəzində insan dayanırdı. O, açıq şəkildə yazırdı: "Təhsil sistemi sadəcə bilgi verən mexanizm deyil, insan yetişdirən mənəvi bir qurumdur.” Bu fikrin davamı isə daha dərindir: "Təhsil sistemi yalnız intellektual inkişafı deyil, eyni zamanda davranışı, məsuliyyəti və həyat mövqeyini də formalaşdırmalıdır.”

Bu yanaşma onu sadəcə müəllim yox, tərbiyəçi, yolgöstərən, mənəvi rəhbər səviyyəsinə yüksəldirdi və "Yalan” şeirində daha sərt şəkildə ifadə olunur:

Əgər haqqı bilib, haqqı deməsəm,
Zalıma, namərdə minnət eyləsəm,
Əlim də yalandı, dilim də yalan.

Bu misralar bir insanın öz vicdanı qarşısında verdiyi and kimidir. Burada nə pafos var, nə güzəşt. Burada yalnız həqiqət var.
Sovet hakimiyyəti Çərkəz Məcid kimi insanları güllə ilə yox, sükutla susdurmağa çalışırdı. Yazılarını çap etmədilər, adını görməzliyə vurdular. Amma anlamadılar ki, Qarabağ torpağında doğulan söz kağızdan güc almır. Çünki o söz torpağın nəfəsi idi. O söz susdurula bilməzdi. Onu da anlamadılar ki, haqq nazilsə də üzülmür. Həqiqət güc-tez yerini tutur.
1989-cu ilin yanvarında Cəbrayılda keçirilən müəllimlər müşavirəsində o, yenə susa bilmədi. Tribunada yalan danışılırdı, zal susurdu. Amma o ayağa qalxdı və danışdı. Bu, bir anın emosiyası deyildi. Bu, ömür boyu yığılan vicdan yükünün səsi idi. Həmin gün bədəni bu yükə tab gətirmədi və beyninə qan sızdı. Üç gün sonra dünyadan köçdü. Amma əslində, o gün iflic olan bir insanın bədəni yox, yalan üzərində qurulmuş sistemin vicdanı idi və təkcə bir müəllimin ölümü deyildi. Bu, susmağı seçənlərin içində boğulan vicdanın ifşası idi. Zal susmuşdu, amma tarix susmadı. Çərkəz Məcidin ayağa qalxması bir cümləlik etiraz deyildi, bu, on illərlə yığılan yalanın üzünə çırpılan həqiqət idi. Onun ürəyi bu ağırlığa dözmədi, çünki bəzən bədən yox, vicdan infarkt keçirir.

O, tribunada sözünü deyəndə bilmirdi ki, bu onun son çıxışıdır. Amma bilirdi ki, bu onun son susqunluğu olmayacaq. Çünki Çərkəz Məcid ömrü boyu susmamağa öyrəşmişdi. Bu dəfə də susmadı. Və susmamağın bədəlini canı ilə ödəyənlər tarixdə az olmayıb.

Tarix heç nəyi unutmur və şahiddir: Çərkəz Məcid kimi haqq, ədalət carçısı olan insanlar ölmür. Onlar torpağa qarışmır, torpaq onlara qarışır. Onlar (Bu insanlar) yol olur, körpü olur, yaddaş olur.
Bu torpaq neçə-neçə sükut adamı görüb, amma Çərkəz Məcid kimi vicdan adamlarını da unutmayıb. Belə insanlar torpağın yaddaşına yazılır. Onların adı qəbir daşından çox, insanların içində yaşayır. Onlar danışmadığı halda da söz deyən adamlardır.

Bu gün Çərkəz Məcidin şeirləri oxunursa, deməli, o haqlı idi. Çünki hər millət öz məktəbində doğulur və öz məktəbində yaşayır. Və o məktəbin müəllimi vicdanlı deyilsə, millətin gələcəyi də yarımçıq qalır.

Bu gün məktəblər çoxdur, amma məktəb ruhu azdır. Binalar var, amma vicdan çatışmır. Proqramlar var, amma məsuliyyət zəifdir. Çərkəz Məcid məhz bu təhlükəni illər əvvəl görmüşdü. O deyirdi ki, müəllimlik yalnız dərs demək deyil, gələcək qarşısında cavabdeh olmaqdır.

Əgər müəllim həqiqəti gizlədirsə, şagirdə yalnız bilik yox, qorxu da ötürür. Əgər müəllim yalanla barışırsa, cəmiyyət də yalanla barışır. Bu zəncir məhz məktəbdən başlayır. Buna görə də Çərkəz Məcid hesab edirdi ki, məktəb millətin taleyinin yazıldığı ilk səhifədir.

Çərkəz Məcid Böyük Mərcanlıdan çıxan bir müəllim idi. Amma o müəllim təkcə dərs demədi. O, millətə güzgü tutdu. O güzgüdə həqiqət vardı. Həqiqət isə heç vaxt köhnəlmir.
O güzgüyə baxmaq çətindir. Çünki orada yalnız problemlər yox, bizim məsuliyyətimiz də görünür. Çərkəz Məcidin böyüklüyü ondadır ki, o, milləti tərifləmədi, oyatmaq istədi. O, alqış dalınca qaçmadı, vicdan dalınca getdi.

Bu yazını da onun müəllimlik ruhunu ifadə edən şeiri ilə bitirmək təsadüfi deyil.
 
Müəllim ürəyi sönməz bir mayak,
Ağıl yollarında alışar, yanar.
Sən onun gücünə, qüdrətinə bax.
Müəllim şərəflə, şanla varlanar.
 
Müəllim qəlbinin məhəbbət nuru,
Gözləri, üzləri işıqlandırar.
Müəllim şərəfi, ustad qüruru.
Bütün zirvələrin başında durar.
 
Bütün sənətlərə yol göstərər o,
Çiçəkli bağçası tikan bitirməz,
Narahat, işıqlı ömür sürər o,
Müəllim kəlməsi ləkə götürməz.
 
Bu misralar sadəcə şeir deyil, bir anddır: – müəllimlik andı, vicdan andı, millət qarşısında məsuliyyət andı. Çərkəz Məcid bu andı pozmadı. Ona görə də onun adı müəllim sözünün yanında həmişə şərəflə çəkiləcək.

Çünki tarix susanları yox, danışanları -Çərkəz Məcid kimi haqq, ədalət uğrunda mübarizə aparanları xatırlayır.
Çünki zaman yalanı yox, vicdanı yaşadır. 

Və çünki hər millət doğrudan da öz məktəbində doğulur.
 
Samir Əsədli






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook