SON XƏBƏR

"Qarabağ" Avropada yeni tarix yazdı - 1/8 finaldayıq

Fevral 23
00:43 2024
"Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə "Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. "Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, "Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, "Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

Avropa Liqası

Pley-off mərhələsi

Cavab oyunu

22 fevral

Qarabağ (Azərbaycan) - Braqa (Portuqaliya) 2:3
Qollar: Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 - Rocer Fernandeş, 70. Alvaro Djalo, 83. Simon Banza, 112-pen.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Braqa: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 4:2.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook